Teleqraf.com Ermənistanda baş nazir Serj Sərkisyana qarşı keçirilən mitinqlərlə bağlı politoloq Rasim Musabəyovla müsahibə alıb. Müsahibənin alındığı dəqiqələrdə Serj Sərksiyanın erməni xalqının müqavimətini qıra bilmədiyi üçün istefa verdiyi xəbəri yayıldı. Müsahibəni təqdim edirik:
- Rasim müəllim, Ermənistanda baş verənlər ortadadır, xalq küçələrə çıxaraq özünü baş nazir təyin edərək, hakimiyyəti əlində saxlamağa çalışan Serj Sərkisyana itaətsizlik nümayiş etdirdi və o, istefa verdi. Hazırda İrəvandakı vəziyyəti necə şərh edirsiniz?
- Biz baş verənləri mətbuat və internet üzərindən müşahidə edirik. Ermənistan hakimiyyəti demokratiyadan çox dəm vururdu, indi buyurub onun əziyyətini çəksinlər. Baş verənlərin altından çıxmaq çətin idi. Serj Sərkisyan güc tətbiq etmədən bu prosesin altından çıxa bilməzdi. Amma güc tətbiq edəcəyi və qan tökəcəyi təqdirdə özü çətin vəziyyətə düşəcəkdi. Bu halda erməni xalqı qalxıb Sərkisyan komandasını süpürərdi. Bir hərbi hissənin və ya camaatın üzərinə göndərilən polislərin müəyyən hissəsinin camaatın tərəfinə keçməsi bəs edərdi ki, qan tökülsün. Bu böyük qan olardı və Sərkisyanın buna cəsarəti çatmazdı. Bu halda başını götürüb Ermənistandan qaçmalı olardı. Ya da böyük qan tökmədən, fövqəladə vəziyyət elan edərək camaatı dağıtsa, bundan sonra qələt edib deyə bilərdi ki, Ermənistan demokratik və sivil ölkədir. Bu halda da hakimiyyətini itirəcəkdi. Bütün variantlarda Sərkisyan bu vəziyyətdən böyük itkilərlə və məhv olaraq çıxmalı idi.
- Son xəbərlərə görə, İrəvanda yüzlərlə əsgər etirazlara dəstək verir...
- Bəli, nahardan sonra bu proses müşahidə olundu. Ola bilsin ki, əsgər çağırışla mitinqlərə qoşulub. Söhbət hərbi birləşmədən gedir. Ya polis, ya əli silahlı hərbçilər deyəndə ki, biz xalqa atəş açmağa qoymayacağıq, bu, artıq ayrı məsələdir. Və görünür ki, buna da ehtiyac qalmadı.
- Ermənistanın Müdafiə naziri Sərksiyan bəyan edib ki, ordu daxili proseslərə müdaxilə etməyəcək. Bunu necə başa düşmək lazımdır?
- Müdafiə naziri Sərkisyanın kadrıdır. Nazir deyib ki, ordu ancaq xüsusi qaydada, fövqəladə vəziyyət elan olunarsa və buna parlament qərar verərsə, qarışacaq. Yəni məsuliyyəti hakimiyyətin üzərinə qoyub. Hakimiyyət də buna getmədi və xalqla hesablaşmağa məcbur oldu.
- Maraqlıdır, Kremlin bu proseslərdə rolu nədən ibarətdir?
- Ruslar Sərkisyana məsləhət görmüşdü ki, bu işlərə girişməsin. Ancaq Serj qulaq asmadı və hakimiyyətdə qalmaq üçün oyuna qoşuldu. İndi də bunun altını çəkəcək.
- Meydanlarda xalqı təşkilatlandıran müxalifətçi siyasətçilər ruslara yaxındır, yoxsa Qərb dünyasına?
- Paşiniyan Ermənistanın Rusiyanın təsiri altından çıxması və Avropanın bir hissəsi olması haqda iddialarla çıxış edib. Onun lideri olduğu fraksiyasının adı da “Çıxış” adlanır. Ancaq bu günə qədər Paşinyanın Qərbdən maliyyələşməsinə dair heç kəs ortaya sübut qoya bilməyib. O, populist siyasətçidir.
- Bu halda ortaya sual çıxır: Paşinyan bu prosesi aparmaq üçün haradan pul tapıb?
- Düşünürəm ki, pulu Serj Sərkisyanın müddətsiz hakimiyyətindən bezən erməni oliqarxları ortaya çıxarıb. Serj Sərkisyan əvvəl Robert Köçəryandan şübhələnirdi. Amma Serj baş nazir seçildikdən sonra Köçariyan ona zəng edərək təbrik etdi və bu iddiaları bir növ boynundan atmaq istədi. İndi bu oyun da ola bilər. Bir tərəfdən təbrik edə, digər tərəfdən Serji qovmaq üçün bunlara maliyyə ayıra bilər. Birmənalı demək çətindir.
- Bu proseslərdə erməni diasporunun rolu nə qədər oldu ?
- Serjdən hamı bezmişdi. Onun özünü hamıdan ağıllı sayması, manevrləri erməniləri yorub. Serjin ağlı çatmadı ki, xoşluqla və təminatlar alaraq hakimiyyətdən uzaqlaşsın. İndi də bunun cəzasını çəkməli olacaq. Məcburi istefaya getməli oldu.
- Erməni hakimiyyətinin nəzarətində olan mətbuat yazır ki, Azərbaycan tərəfi İrəvanda yaranan siyasi böhrandan istifadə edir, hücuma keçir, cəbhə xəttinə silahlar göndərir. Belə xəbərlər yaymaq nəyə hesablanmışdı?
- Qələt edirlər. Bu yalandır. Sadəcə təbliğat kimi istifadə edərək, insanları qorxutmaq və rejimə qarşı mübarizədən geri çəkmək istəyirdilər. Guya vətəndaş müharibəsi olsa, Azərbaycan gəlib tapdalayacaq hamımızı və s. Sırf təbliğat üçün istifadə edirlər.
- Ermənistanda baş verən proseslərin hansı məcrada gedəcəyi, Sərkisyanın qalıb-qalmayacağı haqda son qərarı erməni xalqı verdi, yoxsa Kreml?
- Söhbət ondan gedir ki, Serj gözünü yumub xalqa qarşı ordudan istifadə etsəydi, əli tamamilə Qərbdən üzüləcəkdi. Bu zaman onun ümid yeri kimi Rusiya qalırdı. Əgər Rusiya ona desə ki, yox, sənin arxanda durmayacağıq, o zaman Serjik xudahafizləşməli idi. Və bu da baş verdi.
- Yeni erməni hakimiyyəti bizim üçün nə vəd edir?
- Bunun bizə nə istisi, nə də soyuğu var. Sadəcə olaraq, Sərksiyan Qarabağ danışıqları prosesinin içində olan adam idi. O, getməsəydi, qısa müddətə danışıqlar bərpa oluna, çıxış yolu tapıla bilərdi. Sərkisyan getdiyi üçün yeni hökumət formalaşacaq, sonra deyəcəklər, parlament saxta seçilib, yeni seçkilər keçirilməlidir. Yeni hökumət danışıqlar aparmaq və məsuliyyətli qərarı verməyə hazır olmayacaq. Bu zaman da Azərbaycanın ordudan istifadə etməkdən savayı ayrı əlacı qalmır.