26 Aprel 2018 15:16
4 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un Ermənistanda baş verən etiraz aksiyaları, hakimiyyət-müxalifət münasibətləri, prosesə xarici müdaxilə və onun mümkün nəticələri haqda suallarına təhlükəsizlik eksperti Sülhəddin Əkbər cavab verir:

- Sülhəddin bəy, Ermənistanda hakimiyyətə qarşı baş verən etirazlar ikinci mərhələyə daxil olub. Siz, hazırkı durumu necə qiymətləndirirsiniz?

- Ermənistanda baş verənlər Ermənistanın demokratik inkişafı baxımından müsbət hadisələrdir. Amma bu proses hələ başa çatmayıb. Sualda qeyd etdiyiniz kimi, prosesin birinci mərhələsi arxada qaldı. Bu mərhələdə prosesə xarici müdaxilə olmayıb. Nə Rusiya, nə də Qərb tərəfdən. Ancaq proses dərinləşdikcə müdaxilələr özünü göstərir.

- Konkret hansı müdaxiləni nəzərdə tutursunuz?

- Dünəndən proses yeni mərhələyə daxil olub. Baş nazir vəzifəsini icra edən Karen Karapetyan Rusiyadakı və Ermənistandakı erməni oliqarxların dəstəyini alaraq, hakimiyyət uğrunda mübarizəyə qoşulub, erməni xalqının dinc yolla əldə etdiyi uğurları sıfırlamaq istəyirlər. Dünən Paşinyan- Karapetyan danışıqları olmalı idi, amma baş tutmadı. Çünki Paşinyan bu oyunu dərk etdiklərini və xalqın onun baş nazirliyə namizədliyini irəli sürdüyünü bildirərək, müvəqqəti hökumətin təşkili, erkən seçkilərin keçirilməsini tələb edir. Bununla da müxalifət inqilabı dinc və demokratik yolla, konstitusiya çərçivəsində başa çatdırmaq istəyir. Amma buna ciddi müqavimət var. Rusiyanın, erməni oliqarxların Karapetyana dəstəyi ortadadır. Dünən Rusiya Prezidenti Putin Ermənistan prezidenti ilə telefonla danışıb, bu gün isə Ermənistan Xarici İşlər naziri Moskvaya yola düşür. Görünür, artıq Rusiya Ermənistandakı proseslərin dərinləşməsindən narahatçılıq keçirir. Bu səbəbdən də prosesə müdaxilə etməyə başlayıb. İndi ABŞ və Avropa Birliyi də prosesləri yaxından izləyir. Proses ikinci mərhələyə daxil olub və bu mərhələdə xarici müdaxilənin ilkin əlamətləri özünü göstərməyə başlayıb. Biz də prosesi yaxından izləməliyik. Rusiya xarici kəşfiyyat xidmətinin rəhbəri bu ərəfədə Azərbaycana səfər edib. Onun səfər məqsədinin nədən ibarət olması bilinmir. Bu mərhələdə Rusiya Ermənistana təzyiq vasitələri haqqında düşünür və bunlardan biri də cəbhədə hərbi əməliyyatların bərpası olardı. İndiki halda cəbhədə Azərbaycan aktivlik nümayiş etdirsə, bu, Ermənistandakı hakim partiyanın maraqlarına uyğun olardı.

- Erməni xalqı meydanlardadır və müxalifəti müdafiə edir, digər tərəfdə -hakimiyyətdə olan qüvvə tam məğlub olmayıb və Rusiyadan dəstək alır. Ermənistanda hansı qüvvələr hakimiyyətə gələ bilər?

- Bizim əlimizdə dəqiq informasiyalar yoxdur, əsasən, mətbuat vasitəsilə hadisələri izləyirik. Hələlik küçə və meydanlara müxalifət nəzarət edir, etirazlar getdikcə böyüyür və daha dərin ictimai-siyasi sferaları əhatə edir. Artıq Daşnaksütyun Partiyası hakim koalisiyadan çıxaraq xalqı dəstəklədiyini elan edib, bir nazir istefa verib, ordu xalq prosesinə dəstək verir. Erməni mediası artıq bu ölkənin müdafiə nazirinin, fövqəladə hallar nazirinin və parlament aparatı rəhbərinin ABŞ-a işlədiyi haqda məlumatlar yayır. Bununla da sanki Qərbin Ermənistandakı şəbəkəsinin “ifşası” başlayıb. Bu göstərir ki, Ermənistanda başlayan bu prosesə siyasi partiyalar, ictimai təşkilatlar da açıq dəstək verir. Hakim partiyada çat müşahidə olunur. Amma bunun hansı nöqtəyə qədər inkişaf edəcəyini bilmirik. Nikol Paşinyanın baş nazir olması üçün parlamentdə 56-58 səsə ehtiyacı var. Dünənə olan məlumata görə, müxalifət namizədinin parlamentdə 42 səsi var. Rusiya tələb edir ki, proses hüquq müstəvisində və konstitusiya çərçivəsində davam etsin. Rusiya əmindir ki, Paşinyan parlamentdə çoxluq əldə edə bilməyəcək. Çünki çoxluq hakim Respublika Partiyasına məxsusdur. İndi əsas mübarizə siyasi müstəvidə gedəcək. Rusiya siyasi müstəvidə uduzduğunu anlasa, son karta əl atacaq.

- Qan tökülə bilərmi?

- Bəli, mümkündür! Ancaq bu, daha çox xalqın prosesə nə dərəcədə dəstək verməsindən, hakim elitadakı çatın sona qədər davam etməsindən, parlamentdəki çoxluğun müxalifətin tərəfinə keçməsindən və s. məsələlərdən asılıdır. Bunlar baş verərsə, Rusiyanın Ukraynadakı kimi gücdən istifadəyə əl atıb-atmayacağı, əl atacaqsa, Qərbin buna reaksiyasının necə olacağı ortaya çıxacaq. Bu halda cəbhədə atəşkəsin pozulması da təşkil oluna bilər. Qanuna görə, baş nazirin istefasından sonra 7 gün ərzində yeni baş nazir seçilməlidir. Bir neçə gün içərisində yuxarıda qeyd etdiyimiz məqamlarla bağlı aydınlaşma baş verəcək.

- 1993-cü ildə Azərbaycanda siyasi böhran müşahidə olunan ərəfədə erməni tərəfi cəbhədə hücuma keçərək bir neçə rayonumuzu işğal edib. Ermənistanda ara qarışırsa, Azərbaycanın hücum edərək hansısa bir ərazini işğaldan azad etməsi məntiqli görünmürmü?

- Prosesə səthi yanaşanda məntiqli görünür, amma dərindən yanaşanda məntiqli deyil. Çünki prosesi idarə edən Rusiyadır. O istədiyinə nail olduqdan sonra proses dayanacaq. Bu məqamı mütləq nəzərə almaq lazımdır.


Müəllif: Cavad

Oxşar xəbərlər