Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini icra edən Bayandur Rzayev Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz və Yevlax rayonlarında olub. Səfərin məqsədi heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə, şəffaflığın təmin edilməsi proseslərinə nəzarət və heyvan sahibləri ilə görüşlər keçirmək olub.
DBNX-dan Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində Bayandur Rzayev baytarlıq idarələrinin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirləri ilə tanış olub.
O, fermerlərin müraciətlərinin idarələr tərəfindən dinlənilərək çevik və operativ cavablandırılmasının vacibliyini vurğulayıb.
Bayandur Rzayev həmçinin İsmayıllı rayonunun Keyvəndi kəndi ərazisində yerləşən “AZZA Aqro” MMC-ə məxsus cins iribuynuzlu heyvandarlıq təsərrüfatında olub.
Görüşdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri, gənc kadrların təsərrüfatlara cəlb olunması və sair məsələlər müzakirə olunub. Həmçinin, heyvanların saxlanma, bəslənmə, doğum, sağım və peyvəndləmə şəraiti ilə əlaqədar məlumat verilib.
Dövlət Xidmətinin rəisi görüşün sonunda təsərrüfat sahibinə müvafiq tövsiyələr verib.