Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC Silahlı Qüvvələrin yaranmasının 100 illiyinə həsr olunmuş “Əsgərə məktub” adlı aksiya keçirir.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, aksiyanın məqsədi Azərbaycan vətəndaşının öz əsgərinə, ordusuna ehtiram və diqqətinin “Azərpoçt” vasitəsi ilə çatdırılması və insanlarda məktub yazmaq vərdişini təşviq etməkdir.
“Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın!” şüarı ilə təşkil olunan aksiyanın birinci mərhələsi 23-24 iyun tarixlərində, saat 12:00-dan 21:00-a qədər, Dənizkənarı Milli Parkdakı ticarət mərkəzində baş tutacaq.
Tədbir iştirakçıları sözügedən guşədə Azərbaycan əsgərinə məktub yazmaq imkanı əldə etməklə yanaşı, əsgərlərə bağlama da yollaya biləcəklər.
Aksiyanın ikinci mərhələsinin isə iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgərləri ziyarət etməklə həyata keçirilməsi nəzərdə tutulub.