6 İyul 2018 07:49
2 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 4 gündə Güney Azərbaycandan olan 32 fəal İranın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Bu barədə Teleqraf.com-a Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü, milli fəal Məhsa Mehdili məlumat verib.

Təşkilat rəsmisi saytımıza açıqlamasında bildirib ki, milli fəallara qarşı olan əməliyyatlar Ərdəbil, Frasabad, Əhər, Təbriz və Urmiya şəhərlərində keçirilib:

“Hərəkatın ən tanınmış fəallarından biri olan Abbas Lisani də saxlanılanlar arasındadır. O, hərəkatın ən təcrübəli fəallarındandır. Abbas Lisaninin harada saxlanılması barədə məlumat yoxdur. Ailəsi aidiyyəti qurumlara müraciət etsə də, heç bir xəbər ala bilmir. Həmin ailənin 2 üzvünün qollarını qandallayıb naməlum istiqamətə aparıblar. Üstəgəl, təhlükəsizlik xidmətinin əməkdaşları Lisaninin ailəsini incidirlər, təzyiq edirlər.

Digər 4 fəalımız da Ərdəbil həbsxanasında ağır cinayətlər işləmiş məhkumların kameralarında saxlanılır. Əldə etdiyimiz məlumata görə, milli fəallara ağır işgəncələr verilir. Bir neçənin qollarını və ayaqlarını sındırıblar. Bir milli fəalımızı isə bu işgəncələrə görə gözlərini itirib, o görmür. Ən pisi isə budur ki, həmin fəallara tibbi müdaxilələr edilmir”.

Məhsa Mehdili qeyd edib ki, təqibdə olan bir çox milli fəalın isə evlərində axtarışlar aparıblar, lakin onları ələ keçirə bilməyiblər:

Kütləvi həbslərə gəlincə, bu, Babək qalasına olan yürüşlə bağlıdır. Əvvəldən də elan edilmişdi ki, yürüş sakit şəkildə təşkil ediləcək. Lakin bu yürüş baş tutmamışdan əvvəl İranın təhlükəsizlik xidməti əməliyyat keçirərək milli fəalları həbs etdi.

Digər yandan, İran hakimiyyəti dünya ermənilərinə müraciət edərək Çaldıran düzündə keçiriləcək tədbirə dəvət edib. İran rejimi bu qurultayda iştirak edəcək ermənilər üçün bütün şərait yaradıb. Təsəvvür edin ki, İran hakimiyyəti gələn həftə Azərbaycan ərazilərini işğal edən erməniləri Güney Azərbaycan ərazilərinə toplayıb qurultay keçirəcək. Azərbaycanlı milli fəallara həbsxanalarda ən ağır işgəncələri verən İran hakimiyyəti işğalçılar üçün ən ləziz yeməklərin hazırlanmasını sifariş verib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər