İqtisadi, siyasi, ictimai sabitlik bütün ölkələr üçün olduğu kimi bizim üçün də vacibdir. Sabitliyin qorunmasında hüquq-mühafizə orqanları, medianın rolu çox vacibdir. Hesab edirəm ki, mediada milli maraqlar məsələsində həmrəylik var. Bu, vacib məsələlərdən biridir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, bu gün kimlərsə sosial məsələləri qabardaraq, din amilindən istifadə edərək, ictimai-siyasi sabitliyi pozamağa cəhd edir: "Son dövrlər bu məsələ qabarıq şəkildə özünü göstərir. Azərbaycanda din həssas mövzudur, əhalinin 96 faizi islam dininə inanır. Bu, terroru törədənlərin ailələri, özlərini araşdırdıqda onların dinə aidiyyatı olmadığı görünür. Onlar xarici qüvvələr tərəfindən sövq edilir. Müxtəlif ziyarətgahlara aparılır, fotolar yayılır, bununla da əməllərini din adı altınd törətməyə çalışırlar. Bu qruplar barəsində hüquq-mühafizə orqanları araşdırma aparır. Bunu araşdıranda həmin şəxslərin müəyyən qruplarla əlaqəsi görünür”.
M.Qurbanlı bildirib ki, medianın bu mövzuları işıqlandırmasına da diqqət edilməlidir:
“Hər dəfə bu mövzudan yazanda bunu "dini radikal qruplar" kimi yazmağa ehtiyac yoxdur. Beynəxalq mediada yanlış olaraq islamla teror ifadələri birlikdə səsləndirilir. Bu gün biz də bu cür terror hadisələrini islamla əlaqələndirməklə islamı terrorla bağlamış oluruq. "Din adı altında gizlənən qruplar" ifadəsini işlətsək, daha doğru olar. Dinin arxasında radikal sözü gəlirsə, o heç zaman din ola bilməz.Dinin çağırmadığını dinə bağlamaq doğru deyil. İŞİD-i geniş şəkildə təhlil etsək, onun da dinlə bağlı olmadığını görərik. Dini tam inkar edən ateistlər cəmiyyətimizdə çox deyil.
Apardığımız monitorinqlər nəticəsində məlum olur ki, Gəncə əhalisinin 4 faizi dini ayinlərin icrasında iştirak edir. Bunun səsləndirməyimin səbəbi Gəncədəki hadisələrin burada dinə bağlı insanların çox olması ilə əlaqələndirilməsidir.Halbuki digər regionlarda dinə bağlı, dini ayinləri icra edənlərin sayı daha çoxdur. Mediada bu mövzulara toxunanda əsl dinlə dinə bürünən ekstremist qurpları ayırmalıyıq".