25 İyul 2018 14:16
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zara söhbəti çox uzandı. Mən insanların, xüsusən Ermənistan dövlətinin birbaşa qurbanı olanların erməni mənşəli şəxslərə münasibətini anlayıram. Bununla belə bizim Ermənistanla müharibə vəziyyətində olmağımızdan 30 il keçir. Müharibə qanunlarına görə müharibə vəziyyətində olan dövlətlər əks tərəfin vətəndaşlarına münasibətdə müəyyən məhdudlaşdırıcı tədbirlər görə bilər. Amma mənşə etibarilə düşmən dövlətin əsas xalqına aid olan, amma başqa bir dövlətin vətəndaşı olan şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlər beynəlxalq aləmdə yaxşı qəbul olunmur.

Teleqraf.com xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.

O qeyd edib ki, məsələn, Ermənistan bizim Gürcüstandan olan həmvətənlərimizə münasibətdə ayrı-seçkiliyə yol verir, Halbuki, onlar başqa dövlətin, özü də Ermənistanla dost olan dövlətin vətəndaşlarıdır:

“Biz başqa ölkənin vətəndaşı olan mənşəcə erməni olanların ölkəyə girişinə o zaman məhdudiyyət qoya bilərik və qoymalıyıq ki, onlar bizim dövlət sərhədimizi pozaraq işğal altında olan ərazilərimizdə olsunlar. Amma indi Avropa futbol klublarının birində erməni mənşəli məşhur futbolçu var. Birdən onun təmsil olunduğu klub Azərbaycana gəlməli oldu. Nə etməliyik? Yaxud, Rusiya Federasiyasının xarici işlər naziri ata tərəfdən ermənidir. Onu Azərbaycana buraxmayaq? Dünyanın bir çox ölkələrində erməni mənşəli şəxslər var ki, ya dövlət vəzifələrindədir, ya da iri şirkətlərdə rəhbər vəzifələr tutur. Onlar ölkəyə gələsi olsa, necə?”

S.Məmədov əlavə edib ki, Ermənistan “Avroviziya” mahnı müsabiqəsini paxıllığından boykot etməsəydi, onların vətəndaşı gəlib Bakıda oxuyacaqdı:

“Biz etiraz etsəydik, dərhal Bakıda müsabiqənin keçirilməsi ləğv olunardı və sair. Bu Zara kimdirsə onun ermənilərin qondarma soyqırımını qeyd etməsini qabardırlar. Erməni olmayıb qondarma soyqırımı barədə ağlına gələni yazan o qədər insan, hətta türk olanlar var ki, istədikləri zamanı ölkəyə gəlib-gedirlər. Heç kim də etiraz etmir”.

Hüquq müdafiəçisi əlavə edib ki, bu məsələdə ən pis olan şəhid adından istifadə edilməsidir:

“Məncə bu, yumşaq desək, qeyri-etikdir. Biz dünyaya sübut edirik ki, davamız erməni xalqı ilə deyil. Onlar Qarabağda yaşamaqda davam etsələr, Azərbaycan onlara geniş muxtariyyət verəcək və sair. Bu tərəfdən mənşə baxımından erməni olan bir artistin ölkəyə gəlməyinin əleyhinə bu boyda kampaniya zərərlidir. Bir daha qeyd edim ki, mən bu məsələyə həssas yanaşanların əksəriyyətini anlayıram. Amma bu məsələni məqsədli şişirdənləri də yaxşı anlayıram”.


Müəllif: Səxavət

Oxşar xəbərlər