Əlimizdə təcrübə var, bu, bizim təcrübə yox, düşmənimizin təcrübəsidir. Bu hansı təcrübədir? Azərbaycanda 90-cı illərin əvvəllərində qiyam qaldırmış hansısa hərbçi - Surət Hüseynov vardı, silahlı qüvvələrdə müəyyən nüfuza malik idi və bundan istifadə edərək yerli qiyamçılara qoşuldu, ordu hakim rejimin əleyhinə çıxdı. Qoşun Gəncədən Bakıya yollandı. Biz bunun necə baş verdiyini görmüşük. Nəticədə bir qiyamçı hərbçinin hərəkətlərinə görə Azərbaycan yüzlərlə qurban verdi. Hakimiyyət hərbi qiyamı yatırmağa müvəffəq oldu, amma bu vaxt ərzində Azərbaycan üç rayon itirdi.
Teleqraf.com “Aysor.am”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Apellyasiya məhkəməsində barəsində çıxarılmış həbs qətimkan tədbirindən verilmiş şikayətə baxılarkən, deyib.
Robert Köçəryanın məhkəmədəki çıxışını vəkili Ayk Alumyan jurnalistlərə açıqlayıb. Vəkilin sözlərinə görə, Robert Köçəryan çıxışının davamında qeyd edib ki, belə vəziyyəti 2008-ci ildə özünə rəva görə bilməzdi.
Ayk Alumyan vurğulayıb ki, çıxışın bu hissəsi 1 mart hadisələrinə deyil, fevralın 23-nə və 0038 saylı məxfi əmrə aiddir.
Vəkil Köçəryanın 2008-ci il martın 1-də silahlı qüvvələrə verdiyi məxfi əmrin ordunun siyasətə müdaxiləsi üçün nəzərdə tutulmadığını deyib: “Robert Köçəryan əmri sadəcə Silahlı Qüvvələrin birmənalı şəkildə siyasi proseslərə müdaxilə etməməsinə əmin olmaq üçün verib”.
Xatırladaq ki, Robert Köçəryan ötən həftə Apellyasiya məhkəməsinin qərarı ilə azadlığa çıxıb.