26 Avqust 2018 20:30
1 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Angela Merkelin Ermənistana səfəri simvolik xarakter daşıyırdı. Almaniya Rusiyanın bölgədəki kasıb müttəfiqi Ermənistana kredit ayırmaq istəmir. Merkelin Ermənistana səfəri daha çox bu ölkənin baş naziri Nikol Paşinyana lazım idi ki, Avropanın onunla hesablaşdığını daxili auditoriyaya göstərə bilsin.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin kaslerin Cənubi Qafqaz ölkələrinə səfəri ilə bağlı hazırladığı analitik yazıda öz əksini tapıb.

Qeyd olunur ki, A.Merkel İrəvanda “erməni soyqırımı” abidəsini ziyarət etdi, ancaq “erməni soyqırımı” ifadəsi işlətmədi:

“Bu da müşahidəçilərin diqqətindən yayınmadı. Beynəlxalq aləm və müxtəlif siyasi ekspertlər Merkelin Azərbaycana səfərini səbirsizliklə gözləyirdilər.

Birincisi, Merkelin bölgəyə səfərindən öncə əsas proqnozlar “Angela Merkel alternativ qaz resurslarının Avropaya çatdırılmasını müzakirə etmək üçün Cənubi Qafqaza gedir” şəklində idi. Bölgədə yalnız Azərbaycanın qazı var. Demək, əsas danışıqlar Bakıda aparılmalı idi.

İkincisi, Merkelin Bakıya səfərini daha bir hadisə aktuallaşdırmışdı. Merkelin nümayəndə heyətinin tərkibində Albert Vayler adlı deputat var idi. Həmin deputat hakim partiyanın üzvü olmaqla yanaşı Cənubi Qafqaz ölkələri ilə parlamentlərarası əməkdaşlıq qrupunun üzvüdür. Rəsmi Bakı onun Azərbaycana girişinə qadağa qoyub. Çünki bu almaniyalı deputat qeyri-qanuni olaraq Azərbaycanın işğal altındakı bölgəsində olub və buna görə ismi Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na salınıb. Həmin deputatın Azərbaycana girişinə qadağa qoyulduğunu Merkel bilməmiş deyildi. Bəs onda nəyə görə həmin deputat nümayəndə heyətinin tərkibinə salınmışdı? Görünür, kansler düşünürmüş ki, Bakı geri addım atacaq. Ancaq rəsmi Bakı haqlı olaraq güzəştə getmədi, almaniyalı deputat üçün istisna hal kimi yanaşmadı. Belə olan halda Merkelin deputatını səfərini yarımçıq tərk etməyə razı salmaqdan başqa çarəsi qalmadı”.

Bildirilir ki, Merkelin Bakıda alternativ qaz resurslarının Avropa bazarına çatdırılması mövzusunun geniş müzakirə olunacağı ehtimalı özünü doğrultmadı:

“Çünki Merkellə birgə mətbuat konfransında Prezident İlham Əliyev almaniyalı jurnalistin sualına cavab verərkən ona işarə etdi ki, əgər Avropa başqa ölkələrin, o cümlədən Türkmənistanın qazını da TANAP və TAP boru xətləri ilə Avropaya daşımaq istəyirsə, onda birbaşa qazı tədarük edən ölkə ilə, yəni Türkmənistanla danışmalıdır. Bu sözlərdən nə anlaşılır? Azərbaycan qazın tranzitində maraqlıdır, ancaq bu Azərbaycanın problemi deyil, Avropa Türkmənistanla razılıq əldə etməli, Transxəzər boru xəttinin tikintisini maliyyələşdirməlidir. Merkelin cavabından isə Avropanın məhz bu cür həkərət edəcəyi aydınlaşmadı.

Azərbaycan və Türkmənistan qazının köhnə qitəyə çatdırılması Avropaya qaz nəqlinin diversifikasiyası baxımından vacibdir. Ancaq Almaniya üçün daha vacibi Rusiyadan Baltik dənizinin dibi ilə aldığı və alacağı qazın miqdarını artırmaqdır. ABŞ və bəzi Avropa dövlətləri, o cümlədən Rusiyanın işğal siyasətindən əziyyət çəkən Ukrayna Almaniyanı buna görə tənqid edir. Elə ABŞ Prezidenti də anlamamışdı ki, Almaniya Rusiyaya qarşı sanksiyalarda yer almasıyla bərabər necə olur ki, bu ölkədən daha çox qaz almağa və yeni boru xəttinin çəkilişinə razılaşır. Almaniya kansleri üçün Azərbaycan və Türkmənistan qazının Avropaya nəqlini dəstəkləmək ona görə vacibdir ki, Amerika və digər dövlətlər ondan əl çəksinlər, Rusiya ilə yaxınlıqda ittiham etməsinlər.

Azərbaycan qazının Avropada əsas alıcıları başqa dövlətlərdir. Buna baxmayaraq, Merkel ölkəsinin Azərbaycana verdiyi dəyəri bu ifadə ilə tərənnüm etdirdi: “Azərbaycan Cənubi Qafqazda Almaniyanın əsas ticarət tərəfdaşıdır”. Başqa cür ola da bilməz. Gürcüstan Berlin üçün nə qədər əziz olsa da, Almaniya bölgənin əhalisinə və resurslarına görə əsas ölkəsi olan Azərbaycanla əməkdaşlıqdan daha çox faydalana bilər”.

Yazıda bildirilir ki, Angela Merkel İrəvanda və Bakıda Dağlıq Qarabağ münaqişəsi barədə bir-iki cümlə dedi:
“Onun əsas cümləsi “Almaniya ATƏT-in Minsk Qrupunun üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək olmaq istərdi” şəklində idi. İki il əvvəl bu dəstək üçün gözəl fürsət yaranmışdı, Almaniya 2016-cı ildə ATƏT-ə sədrlik edirdi. Ancaq Berlindən bir fəaliyyət görmədik, 2016-cı ilin aprelində 4 günlük savaşdan qorxuya düşən Almaniyanın o zamankı xarici işlər naziri, indiki prezidenti Frank-Valter Ştaynmayer bölgəyə səfəri zamanı dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə 7 maddəlik təkliflər paketi hazırlayıblar. Ancaq bir az keçdikdən sonra həmin o müəammalı təkliflərdən xəbər çıxmadı. Həmin təkliflərin nədən ibarət olduğu aydınlaşmadı, Valter Ştaynmayer sonrakı müddətdə isə bu məsələyə aydınlıq gətirmədi, prezident seçildi və iqamətgahına çəkildi. Ona görə Angela Merkelin Qarabağla bağlı indiki açıqlamasının xüsusi çəkisi yoxdur.

Beləliklə, Merkelin Cənubi Qafqaza səfəri başa çatdı. Merkel bu səfərlə demək istədi ki, bölgədə Almaniya da var. Bu yalnız Moskvaya deyil, Almaniyanın yaxın tərəfdaşı və Avropa İttifaqının iki aparıcı dövlətindən biri Fransaya da yumşaq mesaj idi. Çünki bu günə qədər Cənubi Qafqaz ölkələrinə daha çox Fransa prezidentləri səfərlər edir və bununla bölgədə varlıqlarını gücləndirməyə çalışırlar”.


Müəllif: Səxavət

Oxşar xəbərlər