“Şant” təlimləri Ermənistanda bir neçə dəfə keçirilib. Əlbəttə, bu kimi təlimlər Azərbaycana qarşı olan hərbi əməliyyat ssenariləri üzərində qurulur.
Teleqraf.com-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov belə deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusu da torpaqların işğaldan azad edilməsi və işğalçı qüvvələrin məhv edilməsi məsələsi üzərində işləyir:
"Əsas məqsəd işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki düşmən qüvvələrini məhv etməkdir. Lakin Ermənistan öz müttəfiqlərini yanına alsa belə, Azərbaycanla genişmiqyaslı hərbi əməliyyatlar aparacaq gücdə deyil.
2016-cı ilin aprel ayında baş vermiş döyüşlərin birinci gününün yarısında Ermənistan rəhbərliyini atəşkəsin elan edilməsi üçün Rusiyaya müraciət etdi. Bu gün də Ermənistanın nə ordusu, nə də gücü dəyişib. Yəni, Ermənistan rəhbərliyi bu kimi təlimləri daxili auditoriyaya hesablayıb. Başqa sözlə, Ermənistan növbəti Qarabağ müharibəsində Azərbaycan üzərində qalib gələcək gücdə deyil”.
Rəşad Süleymanov bildirib ki, son zamanlarda Ermənistan daxiliqoşunları da Qarabağa göndərilir:
“Bu, təsadüfi deyil. Ermənistan ordusunda canlı qüvvə çatışmazlığının olduğu aprel döyüşlərində ortaya çıxdı. Həmin döyüşlər vaxtı Ermənistan rəhbərliyi keçmiş Qarabağ döyüşçülərini, ehtiyatda olan yaşlı hərbçiləri ön xəttə göndərdi. Lakin bunun əks effektini gördülər. Yaşlı hərbçilər isə döyüşmək yerinə gənc əsgərlərə qarşı “dedovşina” apardılar, onların geyimlərini, silahlarını oğurladılar. Buna görə də, Ermənistanın yeni rəhbərliyi daxili qoşunlar və digər silahlı birləşmələri Qarabağa göndərməyə başlayıb.
Bu gün Ermənistan ordusunun maddi-texniki təminatının və döyüş qabiliyyətinin hansı səviyyədə olduğunu deməyə ehtiyac yoxdur. Erməni ordusunun yaşadığı son uğursuzluqlar hər şeyi deməyə əsas verir”.
Qeyd edək ki, Ermənistanda başlayan “Şant-2018” təlimləri çərçivəsində, şərti olaraq Azərbaycana qarşı müharibə elan edilib.