Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda müşavirə keçirilib.
Teleqraf.com xəbər verir ki, müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, rayon icra hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkili Rauf Əliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən dini icmaların üzvləri, dini komissiyasının və rayon Ağsaqqallar Şurasının təmsilçiləri, orta məktəblərinin direktorları, ictimaiyyət nümayəndələri iştirak edib.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rmövcud dini durum haqqında məlumat verərək ölkədəki dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Dövlət Komitəsinin apardığı maarifləndirmə işi, Qafqaz Müsəlmanları İdarəsi, yerli icra strukturları və digər qurumlarla birgə səmərəli fəaliyyət barədə danışıb. Qeyd edib ki, Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub.
Eyni zamanda, Məhərrəm ayı və Aşura tədbirləri haqqında danışan Mübariz Qurbanlı bildirib ki, mərasimlər məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçirilməlidir. Bu il də Məhərrəmlik mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına uyğun keçirilməsi, qanvermə aksiyasının təşkil edilməsi planlaşdırılıb:
“Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir”.
Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə din dövlətdən ayrı olsa da dövlət daim dini sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır.