20 Avqust 2014 18:41
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nə qədər ki, o, hakimiyyətdədir, İsrail-Türkiyə münasibətləri soyuq olacaq”

“Türkiyədə keçirilən son prezident seçkilərindən sonra İsrail-Türkiyə münasibətlərinin necə olacağını demək mümkün deyil. Ancaq mənə elə gəlir ki, prezident postunda əyləşən Rəcəb Tayyib Ərdoğan İsrail siyasətindən ək çəkməyəcək”.

Bunu Azərbaycan yəhudilərinin Milli Məclisdəki təmsilçisi Yevda Abramov deyib. Yəhudi deputat hesab edir ki, Ərdoğan nə qədər ki, baş nazir və ya prezidentdir bu münasibətlərə sərinlik gəlməyəcək: “Fərqi yoxdur, lap Ərdoğanı xarici işlər naziri qoysunlar. Bu siyasətçi öz iddialarından əl çəkən deyil. Artıq onun İsrail siyasəti beynində püxtələşib və bu templə də davam edəcək”.

Abramov əlavə edib ki, əslində yəhudi və türk xalqı arasında hər zaman dost münasibətləri olub:
“Ancaq Davosda “one minute” hadisəsindən sonra iki dövlət başçısı arasında olan münasibətlər də sərinlik yarandı. Bu sərinlik dəfələrlə özünü müxtəlif formalarda göstərib. Ona görə də inanmıram ki, Ərdoğan prezident kimi fəaliyyətə başlayandan sonra xarici siyasətində korrektə etsin. Ərdoğana qədər Türkiyənin bütün cumhurbaşqanları İsraillə yaxşı münasibətdə olub, bölgədə hər iki dövlətin strateji maraqları ekvivalent olub. İndi isə yaranan vəziyyətin dərin kökləri var. Fikrimcə, ortaya hələ çox şeylər çıxacaq. İndiki Türkiyə hökumətinin dövründə münasibətlər sərin şəkildə davam edəcək. Ancaq inanıram ki, bu iki dost xalq arasında münasibətlər yaxşı olacaq. Heç vaxt belə hallar əbədi deyil. Bu münasibət bir gün dəyişikliyə uğrayacaq, bu sükunət əbədi qalmayacaq və müsbətə doğru bir dəyişiklik hökmən baş verəcək. Ümid edirəm ki, yeni baş nazir Əhməd Davudoğlu ilə münasibətlər bir qədər düzələ bilər. Bu siyasətdir, siyasət haqqında isə yüz faizlik proqnoz vermək çətin olar. Dünyada tanınan nüfuzlu diplomat olan Əhməd Davudoğlu həm də siyasətin böyük bilicisidir. Mümkündür ki, bu şəxs baş nazir postunda əyləşəndə prezidentlə xarici siyasətin bu hissəsində prioritet tapsın. Mən bir daha qeyd edirəm ki, Türkiyə İsrailə, İsrail isə Türkiyəyə düşmən deyil. Biz heç vaxt belə ifadələr işlətmirik. Bizim aramızda antaqonist ziddiyyət sözü işlədilə bilməz. Bu ölkələrin bir-birinə qarşı iddiası yoxdur. Burada söhbət Ərdoğanın Fələstinə münasibətindən gedir”.

Yevda Abramov daha sonra qeyd edib ki, əslində burada problem İsrail-Fələstin münasibətlərində deyil və bu iki xalq da düşmən deyil: “İsrailin müharibəsi Fələstində təsadüfi hakimiyyətə gələn və terror təşkilatı olan Həmasladır. İsrail və Fələstin xalqı dostdur, bir-birinin işinə yarayıb. Bu gündə Fələstində olan yaralıları İsrail öz xəstəxanalarında müalicə edərək geriyə göndərir. Burada söhbət Həmasdan gedir. Həmas isə terror təşkilatıdır, öz xalqının qayğısına qalmaq haqda fikirləşmir. Baxın son dəfə atəşkəs elan olundu, ancaq hər kəs gördü ki, bu atəşkəsi pozan məhz Həmas oldu. Bu dünya birliyinin gözü qarşısında baş verdi. Artıq hər kəs bu reallığı qəbul edir və görür. İsrail rəhbərliyi də bundan sonra qərar verdi və yenidən Qəzzanı vurmağa başladılar. Başqa necə olmalıdır və ya İsrail neynəməlidir? Atəşkəs elan olunur, ancaq az keçməmiş Həmas bunu pozur. İsrail dövlətinin özünü müdafiə instinkti çox güclüdür. Ölkə, millət və dövlət ordu tərəfindən qorunmalıdır. Əks halda ordu nəyə lazımdır və nə üçün yaradılıb sualı ortaya çıxa bilər”.

Sonda yəhudi əsilli millət vəkili Türkiyə-Azərbaycan münasibətlərini də şərh edib. Onun fikrincə, Türkiyə-Azərbaycan münasibətləri iki millətin arasında yaranan münasibətlərdir: “Bu iki dövlətin başçıları isə millətlərin iradəsinə tabe olaraq bu iradəyə uyğun hərəkət edirlər. Biz bir millət iki dövlətik. Dövlət başçıları da millətlərin istədiyi şəkildə daxili və xarici siyasətlərini quracaqlar”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər