26 Sentyabr 2018 21:35
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, Azərbaycanın orbitə çıxardığı sayca üçüncü peykdir. Əvvəlki 2 peyk də səmərəli istifadə olunur.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. O qeyd edib ki, əvvəlki 2 peyk Azərbaycan və ona dost, müttəfiq ölkələr tərəfindən istismar olunur:

“Üçüncü peyk də təkcə Azərbaycana yox, bu sahələrdə ölkəmizlə əməkdaşlıq edən ölkələrə böyük faydalar verəcək. Digər ölkələr, xüsusilə Asiya ölkələri “Azerspace” peyklərindən istifadə etmələri üçün Bakıya müraciət ediblər. Elə bu günlərdə Bakıda işgüzar səfərdə olan Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bir sıra digər məsələlərlə yanaşı Monqolustan tərəfinin Azərbaycan peykinin imkanlarından istifadəsi ilə bağlı məsələlər müzakirə olundu. Bu onu göstərir ki, Azərbaycan artıq kosmik ölkələrin sırasına, başqa sözlə desək, kosmik kluba daxil olub və digər ölkələrlə olan xarici əlaqələrdə bu amil də öz rolunu oynayır. Bu peyklər Azərbaycanı dünyaya inkişaf etmiş rabitə texnologiyaları tətbiq edən ölkə kimi təqdim edir”.

İ.Vəlizadənin sözlərinə görə, digər tərəfdən qeyd etmək lazımdır ki, peykin orbitə buraxılması Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsində daxili imkanlarını kifayət qədər genişləndirir:

“Yüksək texnologiyalar bir çox sahələrdə tətbiq olunur. Xüsusən, iqtisadi və sosial sahələrdə. Təkcə internet, rabitə deyil, eyni zamanda iqtisadi və sosial sahələrdə onun rolu genişlənir. Biz rəqəmsal iqtisadiyyatdan danışırıqsa, bu rəqəmsal iqtisadiyyatda peyk xidmətlərinin rolunun artırılması da zəruridir. Ona görə də artıq Azərbaycana məxsus olan 3 peyk orbitdə fəaliyyət göstərir. Bu o deməkdir ki, Azərbaycanda rəqəmsal texnologiyaların mənimsənilməsi sahəsində də münbit şərait yaranıb”.

Qeyd edək ki, Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb. Peyk Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane 5″ daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb.
“Azerspace-2” peyki ABŞ-ın “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Peyk geostasionar orbitdə 45° şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərəcək. “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

Qeyd edək ki, yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastruktur yenilənib. Orbitdəki sınaq prosesləri və yekun orbital mövqeyə yerləşdirilməsi uğurla başa çatdıqdan sonra peykin idarəçiliyi istehsalçı şirkət tərəfindən “Azərkosmos” ASC-yə təhvil veriləcək ki, bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdə olacaq.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı həm də birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində “Azərkosmos”a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq. Bir sözlə, “Azerspace-2” şirkətimizin təbiətinə görə kifayət qədər mühafizəkar və yüksək rəqabətli peyk xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirəcək.

Qeyd edək ki, “Azerspace-2” peyki hələ orbitə buraxılmamış onun tutumlarının 46 faizi artıq dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.

Ümumilikdə dəyəri 190 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər