İngiltərədə rusiyalı keçmiş agent Sergey Skripal və qızı Yuliyaya qarşı sui-qəsdə cəhddə ittiham olunan kəşfiyyatçı Aleksandr Mışkinlə (ləqəbi Aleksandr Petrov) bağlı yeni fakt üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, İngiltərənin “Bellingcat” Araşdırmalar Mərkəzi 2014-cü ildə Ukraynada hakimiyyət çevrilişi baş verdiyi vaxt Petrovun Kiyevdə olduğunu üzə çıxarıb.
Araşdırmanın nəticələrinə görə, Aleksandr Mışkin 1979-cu ildə Rusiyanın Arxangelsk vilayətinin Loyqa kəndində doğulub. Təhsil aldığı illərdə Rusiyanın Hərbi Kəşfiyyat Xidmətindən təklif alan Mışkin 2010-cu ildə Moskvaya gəlib və Aleksandr Petrov adı ilə pasport alıb.
“Bellingcat” qeyd edir ki, o, bu adla Ukrayna ilə yanaşı, digər keçmiş sovet respublikalarında olub. 2014-cü ildə Ukraynda hakimiyyət çevrilişi baş verən vaxt isə Petrov xidmət etdiyi qurum tərəfindən Kiyevə göndərilib.
Qeyd edək ki, “Bellingcat” bundan əvvəl Skripalları 39 yaşlı rusiyalı kəşfiyyatçı Aleksandr Petrov adlı şəxsin zəhərlədiyini açıqlamışdı.
Məlum zəhərlənmə hadisəsi Rusiya və İngiltərə arasında diplomatik böhrana səbəb olub.