Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, Milli Məclis sədrinin müavini, komitə sədri Valeh Ələsgərov 2018-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərdən danışıb.
O bildirib ki, hesabat dövründə komitənin 10 iclası keçirilib, 18 məsələyə baxılıb:
“Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında parlamentə göndərdiyi 13 qanun layihəsi parlamentdə qəbul olunub. “Ələt Azad İqtisadi Zonası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi barədə” mühüm qanun layihələri, eləcə də “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Elektrik və istilik stansiyaları haqqında” , “Su təchizatı və tullantı suları haqqında” və digər sənədlərə edilən dəyişikliklər bu qəbildəndir”.
Komitənin toplantısında məlum olub ki, hesabat dövründə komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan 79 ərizə və müraciət daxil olub.
Sonra komitədə Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti və BP Eksploreyşn (Azərbaycan) Limited şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsinə baxılıb.
Sənədi ətraflı şərh edən Valeh Ələsgərov bildirib ki, Saziş Azərbaycan Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited şirkəti arasında bu il aprelin 26-da imzalanıb.
Kontrakt sahəsi Xəzər dənizi ərazisində 3197 kv.km-i əhatə edir. Bu ərazidə indiyə qədər kəşfiyyat işləri aparılmayıb.
İclasda iştirak edən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, millət vəkilləri Şəmsəddin Hacıyev, Elman Nəsirov, Mirkazım Kazımov, Kamilə Əliyeva sənədin əhəmiyyətindən danışıb, Sazişi Azərbaycan neft strategiyasının yeni uğuru kimi qiymətləndirib.