Müstəqillik əldə etdikdən indiyədək ABŞ-dakı erməni diasporu tərəfindən Ermənistana 1 milyard ABŞ dolları məbləğində köməklik göstərildiyi məlumdur. Sentyabr ayında baş nazir Nikol Paşinyan ABŞ-a səfəri zamanı erməni icması ila görüşündə kömək istəmədiklərini, daha uzunmüddətli nəticə verəcək cəhdləri qəbul edə biləcəklərini, məsələn, investisiya yatırılması, infrastrukturun inkişaf etdirilməsi, iş həyatının canlandırılması və Ermənistanın iqtisadi inkişafının artırılması istiqamətində cəhdlərin nəticə verə biləcəyini ifadə edib.
Bunu Teleqraf.com-a açıqlamasında analitik Ehtiram Aşırlı deyib.
Onun sözlərinə görə, Paşinyan qeyd edir ki, Ermənistanın iqtisadi investisiyalara və davamlı iqtisadi inkişafa ehtiyacı var, yardım lazım deyil və Ermənistan iqtisadi cəhətdən inkişaf etməlidir:
“Paşinyanın Ermənistana qeyd-şərtsiz göndərilən milyonlarla dollar yardım yerinə sərmayələri önə çıxarmasının səbəbi qrantın məqsədinə uyğun şəkildə istifadə edilməməsindən irəli gəlir. O, vəzifəyə gəldikdən sonra, bir çox təşkilatlarda, o cümlədən Ermənistan üçün fəaliyyət göstərən yardım fondlarında korrupsiyaya ilə mübarizəyə başladı. Sözügedən yardım fondlarına xüsusən diaspordan olan dəstəyi koordinasiya edən və 1992-ci ildə yaradılan “Hayastan” Fondu kimi fondlar daxildir. Bu fond 19 ölkədəki 21 erməni təşkilatının hamısının dəstəklərinin koordinasiyasını təşkil edir. “Hayastan” Fondunun prezidenti Ara Vardanyan bu ilin iyulunda korrupsiyaya görə həbs olunub. Fondun başına qeyri-hökumət və demokratikləşmə işləri sahəsində tanınan fəal Haykak Arşamyan gətirilib”.
E.Aşırlı qeyd edib ki, sözügedən yardımlarda iştirak edən qrupların və şəxslərin bir xüsusiyyəti də Azərbaycan düşmənçiliyidir:
“Keçmişdə diaspor təşkilatları və bəzi radikal ermənilər vasitəsilə Ermənistana verilən bu dəstək çatması lazım olan quruluşlara getməyib. Ermənistanda korrupsiyaya qarşı mübarizə aparmaq üçün heç bir təklif verməyən diaspor erməniləri əksinə, ölkədə mafiya quruluşlarının formalaşmasına və qoruyub saxlanılmasına nail olublar. Ermənistandakı mafiya dövlətinin davam etməsinin ən böyük səbəbi diasporun göndərdiyi saysız-hesabsız pullardır. Radikal diaspor nümayəndələri bu günə qədər Ermənistandakı mafiya dövlətinə verilən dəstəklə əlaqədar heç bir tənqidi fikir səsləndirməyiblər”.