“Bu gün dövlət yaradıcı iqtisadiyyata təkan verməlidirlər. Bu yalnız bir nazirlik və dövlət qurumunun işi deyil. ASAN xidmət bu səpkidə işləri yüksək səviyyədə həyata keçirir.”
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İnnovasiyalar yaradıcı inkişafın əsas mənbəyi kimi" adlı paneldə çıxışı zamanı deyib.
A.Cəfərli bildirib ki, şəffaflıq ASAN Xidmətin əsas məqsədidir. Bu da insanların məmnunluğuna səbəb olan faktordur: “Son 5 il ərzində ASAN Xidmət mərkəzlərinə 25 milyon ərizə qəbul edilib. Hər gün ASAN Xidmət mərkəzlərinə təxminən 3 min ərizə qəbul edirik, xidmətlərimizdən məmmnunluq 95 faizə bərabərdir. Bir sıra ölkələr bu xidmətin ölkələrində tətbiqində maraqlı olduqlarını deyirlər. ASAN xidmətin korrupsiyanın qarşısının alınması, xidmətlərin elektronlaşması kimi üstün imkanları var. Bizim məqsədimiz inkişaf xidmətləri ilə üst-üstə düşür. 167 hədəfin 2030-cu ilə qədər əldə edilməsinə nail olacağıq”.
A.Cəfərli dövlət qurumu olaraq ASAN xidmətin innovasiyalara dəstək istiqamətində gördüyü işlərdən danışıb: “Biz dövlət qurumu olaraq fərdi sahibkarlara töhfə veririk. Bunun üçün ailə sahibkarlığına, brendin yaradılması, dizayn, məhsulun bazara çıxarılmasına dəstək oluruq. Biz yalnıza kreativ iqtisadiyyatın bir hissəsi olmağa çalışmır, həm də yaddan çıxmış sənətlərin gündəmə gəlməsinə çalışırıq. Ailələr bazar tələblərini müəyyən edib məhsullarını bazara çıxarmağa çalışırlar. Sənətkarlıq və ərzaq məhsulların emalına qədər bir çox sahələrə dəstək oluruq”.