Rusiyanın Xarici İşlər Nazirliyinin şərhinin məntiqi ilə Bako Saakyan sanki Azərbaycanın işğal olunmuş ərazilərində gücdən istifadə və etnik təmizləmənin aparılması nəticəsində yaradılan qeyri-qanuni qurumun sözdə “rəhbəri” qismində görüşlər keçirdiyi Moskvaya deyil, Baykal gölünə istirahətə gedib. Şərhdə bildirilir ki, bu səfər “Rusiya qanunvericiliyinə, yaxud mövcud beynəlxalq müqavilələrə və ya Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik missiyasına zidd deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva bildirib.
L.Abdullayeva xatırladıb ki, 1997-ci ildə imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”nin 5-ci maddəsində açıq şəkildə qeyd edilir: “Tərəflər separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürür və digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır”.
XİN yetkilisi qeyd edib ki, bu baxımdan Rusiya Federasiyası Konstitusiyasının 15-ci maddəsinin 4-cü bəndini qeyd etmək məqsədəuyğun olardı: “Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri və normaları və Rusiya Federasiyasının bağladığı beynəlxalq müqavilələr onun hüquqi sisteminin ayrılmaz hissəsidir. Əgər Rusiya Federasiyasının bağladığı beynəlxalq müqavilələr qanunla nəzərdə tutulmuş qaydalardan fərqli müddəaları müəyyənləşdirirsə, o zaman beynəlxalq müqavilənin qaydaları tətbiq edilir”.
Rusiyanın vasitəçilik missiyasına gəldikdə isə L.Abdullayeva bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını müəyyən edən sənəddə aydın şəkildə deyilir:
“Həmsədrlər öz fəaliyyətində ATƏT-in prinsipləri və normaları, BMT Nizamnaməsi, ATƏT forumlarının qərarları, o cümlədən 1992-ci il martın 24-də Nazirlər Şurasının qərarı, xüsusilə Budapeşt Sammitinin qərarı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutacaq”.
L.Abdullayeva daha sonra deyib:
“Həmçinin, sual əmələ gəlir – əgər bu həqiqətən Azərbaycan Respublikasının ərazisindən olan bir şəxsin Rusiya Federasiyasına (xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq Rusiya Federasiyası Dağlıq Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyır) “şəxsi” səfəridirsə, ona Rusiyanın dövlət sərhədindən keçmək üçün müvafiq, ilk növbədə mənşə ölkəsinin – Azərbaycanın qanunvericiliyinə uyğun verilmiş etibarlı sənədin təqdim edilməsi ilə bağlı tələblər tətbiq olunubmu?”