17 Dekabr 2018 20:39
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın xarici siyasəti müəyyən edən qüvvələr arasında Ermənistanın yeni rəhbərinə qarşı fikir ayrılığı var”.

Bunu Rusiya KİV-də Ermənistan Baş naziri Nikol Paşinyan əleyhinə gedən yazıları Teleqraf.com-a şərh edərkən, hərbi ekspert Ramil Məmmədli deyib.

Ekspertin sözlərinə görə, Rusiya hakimiyyətində Ermənistanın yeni rəhbərliyi ilə bağlı ziddiyyətlər var:

“Rusiyanın bəzi siyasi dairələri hesab edir ki, Paşinyan dəstəklənməməli və ona etibar edilməməlidir. Kremldəki bəzi qüvvələr isə düşünür ki, Paşinyan Rusiyaya qarşı səhv etməyəcək və onunla hansısa formada əməkdaşlıq davam etdirilməlidir. Orta bir xətt də var ki, onlar Paşinyan Ermənistanının Saakaşvili Gürcüstanına gətirib çıxarılmasının əleyhinədir. Çünki Rusiya bu səhvi bir dəfə edib və bunun nəticəsində də Gürcüstanı itirdi. Buna görə də, Rusiya vəziyyətə nəzarəti saxlamaq üçün Nikol Paşinyana təzyiqləri davam etdirir. Çünki Paşinyan tamamilə Avropaya meyillidir. Bu, onun atdığı addımlardan da hiss olunur. O, hansısa formada Ermənistanı Moskvanın boyunduruğundan çıxarmağa çalışır. Paşinyanın hansı mövqedə durmasından asılı olmayaraq, Azərbaycan ona qarşı atılmış addımları dəstəkləməlidir. Çünki Paşinyan Dağlıq Qarabağ münaqişəsinin məsuliyyətini öz üzərindən atmağa çalışır. Bəlkə də, onun Moskvanın münaqişənin həlli ilə bağlı verdiyi təkliflərdən imtina etməsi də, bu təzyiqlərin güclənməsinə səbəb olub”.

Paşinyanın Rusiya və Avropa arasında manevr etmək niyyətində olduğunu deyən Ramil Məmmədli qeyd edib ki, o, Moskvanı Ermənistandan uzaq saxlamaqla, Avropa ilə münasibətləri dərinləşdirməyə çalışır:

“Hesab edirəm ki, Paşinyan öz mövqeyini gücləndirə bilməsə, Serj Sərkisyanın taleyini yaşaya bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər