Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fonddan Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Novruz Məmmədovun sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi müzakirə olunub.
Müşahidə Şurası tərəfindən Hesablama Palatasının rəyi nəzərə alınmaqla ARDNF-in 2019-cu il üçün büdcə layihəsinə, o cümlədən ARDNF-in idarə edilməsi ilə bağlı xərclərə dair ARDNF-in icraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq ARDNF-in 2019-cu il büdcəsinin gəlirlərinin 15 450,1 mln. manat, xərclərinin 11 595,2 mln. manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərin 30,9 mln. manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb və müvafiq olaraq ARDNF-in büdcə layihəsi, o cümlədən ARDNF-in vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və ARDNF-in idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilib və ARDNF-in 2019-cu il üçün büdcə layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunması tövsiyə edilib.
İclasda eyni zamanda "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"da təklif edilən dəyişikliklər məqbul sayılıb və bu dəyişikliklərin təsdiq üçün Azərbaycan Prezidentinə təqdim olunması tövsiyə edilib.