5 Fevral 2019 17:00
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çap mediasının mogikanlarından olan “Yeni Müsavat” qəzeti abunə kampaniyasına start verib. Məqsəd KİVDF-nin ayırdığı maliyyə ilə bağlı şərtlərə etdiyi dəyişiklikdən sonra yazılı mətbuatın vəziyyətinə diqqət çəkməkdir. Abunə kampaniyasına millət vəkilləri, tanınmış ziyalılar, ictimai-siyasi xadimlər və s. qoşulub.

Teleqraf.com çap mediasının qorunması və inkişafı ilə bağlı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun Axar.az-a verdiyi müsahibəni təqdim edir:

- KİVDF şərtləri ağırlaşdırdıqdan sonra bir neçə qəzet fəaliyyətini dayandırdı. Belə çətin məqamda “Yeni Müsavat”ın fəaliyyətini davam etdirməsi üçün hansı planlarınız var?

- Qəzetimizin 30 yaşı var, çox çətin illərdən keçmişik. Ancaq bu dəfə heç bir çətinlik yoxudur, sadəcə, çap mediasının Azərbaycanda gələcəyinə baxış yaxşı deyil. Cəmiyyətdə bu mediaya lazımsız bir vasitə kimi baxanların sayı getdikcə artmaqdadır. Mən dünən keçirdiyim toplantı ilə diqqəti bu problemə cəmləmək istədim. “Yeni Müsavat”da abunə marafonu təşkil edib, “Azərbaycanda hələ də pul verib, qəzet oxumağa sərmayə qoyanlar var” mesajını verdik.

Ötən gün atdığım addım bütövlükdə çap mediasının vəziyyətinin və cəmiyyətin qəzetə münasibətinin nümayişi idi. Göstərdim ki, cəmiyyətdə hələ də belə adamlar var və xüsusilə onlar nüfuzlu simalardır.

- “Yeni Müsavat”da hansı keyfiyyət dəyişiklikləri görəcəyik?

- Artıq “Yeni Müsavat” qəzeti ilə Musavat.com saytı o qədər çulğalaşıb ki, onları ayrı təsəvvür etmək qeyri-mümkündür. Bu baxımdan, yeni fəaliyyət proqramı qurarkən ancaq çap variantının üzərində qurmuruq. Bütövlükdə media qrup olaraq plan qururuq. Bilirsiniz ki, qəzet kağızının qiyməti bir il ərzində iki dəfə bahalaşıb. 1626 manat köçürməklə biz o kağızı alırıq. Hansı ki, il yarım əvvəl biz o kağızı 700-750 manata alırdıq. Nəşriyyat da çap xərclərini qaldırıb fantastik həddə. Üst-üstə toplayanda çox ciddi rəqəm edir və bu rəqəmlər KİVDF-dən alınan yardımdan iki dəfə çoxdur. Yalnız üç epizod üzrə qəzetə çəkilən xərc Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan aldığımız 10 min manatdan çoxdur. 7600 manat daha çox xərcləyirik. Qəzet kağızı, çap xərcləri və daşınma xərcləri hamısı bir yerdə 17 min yarımdan da yuxarı rəqəm edir. Bunun maaşı, qonorarı, kommunal xərcləri var.

Yəni bu qəzetin bir nüsxəsinin ərsəyə gəlməsi üçün ayda bu qədər sərmayə qoyulur. İndi KİVDF-nin yeni standartlar tətbiq etməsi, əslində, işin xeyirinədir. Yəni bundan sonra həyatını qəzetçiliyə həsr etmiş şəxslər, redaktorlar, kollektivlər arasında ciddi rəqabət şəraiti yaranacaq. Bu da ən güclü və peşəkarların qalması, ayrılan vəsaitin daha az qəzet arasında bölünməsi və qəzetlərə daha çox dəstəyin daxil olması anlamına gəlir.

- Çap xərclərindən danışdınız. “Yeni Müsavatın” öz mətbəəsini yaratmağı düşünürsünüzmü?

- Öz mətbəəmizi yaratmaq fikrimiz var, ancaq imkanımız yoxdur. Azərbaycan çox qüdrətli, maliyyə baxımından çox zəngin dövlətdir. Mənim təklifim budur ki, Azərbaycan qəzetlərinə bir mətbəə alıb bağışlasınlar. Bunun təxminən 800 min, maksimum 1-1,5 milyon manat qiyməti var. 10-15 qəzetə mətbəə bağışlasalar, bu, Azərbaycan dövlətinin tarixində qalacaq bir addım olar. Biz də rəngli, dünya standartlarına uyğun bir dizaynda qəzet çap edərik.

- Qəzetin rəngli çapını qeyd etdiniz, öz mətbəəniz olmadan bu mümkün deyil?

- Bu, çox bahadır. Ağ-qara variantda olan mənzərəni göstərdim, xərcləri gördünüz. Qəzet kağızı bizi çox ciddi iqtisadi fəlakətə sürükləyir. Prezidentin də mətbuata dəstək üçün verdiyi maliyyənin demək olar ki, hamısı kağıza gedir, yəni birmənalı olaraq hamısı. Bir il, il yarım əvvəl nə ƏDV, nə də bu cür bahaçılıq var idi. İndi 18 faiz ƏDV var, eyni zamanda, qəzet devalvasiya və başqa səbəblərdən iki dəfədən çox bahalaşıb. Bu, bizim üçün çox çətinlik yaradır. Qəzetin gündə 500-600 nüsxə çox çıxması ayın sonunda 2000-4000 manat əlavə məsrəf deməkdir. Həmin pulun geri qayıtması isə 40-45 gün sonra baş verir. Yəni bütün bunlar hamısı qəzetçinin çətinliyinin göstəriciləridir. Çətindir, ancaq biz fədakarlıq edərək Azərbaycan kimi gözəl ölkəni qəzetsiz qoymaq istəmirik. Mənim üçün ən rahatı o olardı ki, çap mediasının fəaliyyətini saxlayım, ixtisarlar edim, məsrəfləri optimallaşdırım və rus, Azərbaycan və Anadolu türkcəsində çıxan 5 saytımızla məşğul olum. Ancaq mən 30 illik tarixi olan bir qəzeti və bu ənənəni qorumaq, ölkəmə xidmət etmək üçün qəzetin fəaliyyətini davam etdirirəm. Çox istərdim ki, həm dövlət, həm də cəmiyyət bizim bu fədakarlığımızda yanımızda olsun, kömək etsin.

- Qəzetə marağı artırmaq məqsədilə hansısa yazar və ya yazarları “Yeni Müsavat”a cəlb etmək fikriniz varmı?

- Artıq köşə yazarları Azərbaycanda tiraj mənbəyi deyil. Ancaq yaxşı yazan, peşəkar jurnalistlərin cəlb olunması üçün hazırlıqlar görməkdəyik.

- Heç bir dəstək olmasa, qəzetin çapı dayana bilərmi?

- Etiraf edim ki, dəstək olmasa, qəzetlərin rentabelliyi aşağı düşəcək. Biz həm KİVDF-dən aldığımız, həm də saytdan və reklamdan qazandığımız pulun bir qismini qəzetə yatırırıq. KİVDF-dən yardımlar olmasa, digər qəzetlər üçün fəlakət olar, bizim üçün də bir qədər çətin olar.

- Son olaraq, hansı halda “Yeni Müsavat” qəzeti fəaliyyətini dayandıra bilər?

- Yalnız mən istədiyim təqdirdə qəzetin fəaliyyəti dayana bilər. Yəni bir baş redaktor, sahibkar kimi hesablama aparıb qərar versəm, qəzet bağlanacaq. Başqa cür mümkün deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər