Dünən bir qrup hüquq müdafiəçisi Daxili İşlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Görüşdə bir qrup cinayət törətmiş şəxslərin əfv edilməsi ilə bağlı siyahı təqdim edilib. Mən də bu müraciəti dəstəkləyirəm.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili mart ayında əfv sərəncamının imzalanacağına ümid etdiyini bildirib:
“Həm yerli hüquq müdafiçiləri, həm də bir qrup beynəlxalq təşkilatın bu məsələdə təkliflərini nəzərə almalıyıq. Dövlət, şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla, digər məhbusların mövcud cəzalarının bir hissəsinin çəkildiyi nəzərə alınarıq, onlar əfv edilə bilər. Cənab Prezidentdən xahiş edək ki, onları əfv etsin”.
Qeyd edək ki, dünən hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Səidə Qocamanlı Daxili İşlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Onlar bir qrup şəxsin əfv sərəncamı ilə azad edilməsi üçün nazirə müraciət ediblər.