İranın Azərbaycandakı səfirliyi Tehranda yaşayan bir qrup erməninin asdığı plakat və səsləndirdiyi şüarları özbaşına hərəkət və qəbuledilməz addım kimi qiymətləndirir və pisləyir.
Teleqraf.com-un məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir.
Səfirlik bəyan edir ki, İran İslam Respublikasının dövlət rəsmiləri Ermənistanın baş naziri ilə Tehranda yaşayan bir qrup erməninin "Ararat" klubunda baş tutmuş görüşünə heç bir müdaxilə etməyib, bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları, İran Xarici İşlər Nazirliyinin sözçüsünün də dediyi kimi, özbaşına hərəkət və qəbuledilməz addım kimi qiymətləndirir və pisləyir:
“Vurğulamaq istərdik ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və xalqının yanında olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləmiş və bu siyasətini dəyişməyəcəkdir.
İran düşünür ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaqdır. İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz”.