1 Sentyabr 2014 16:27
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müşavirənin çox həssas bir məqamda keçirilməsi, hökumətin bu məsələyə dərhal reaksiya verməsi və konkret bir zaman çərçivəsində baş verən hadisələri ciddi şəkildə təhlil edərək nəticə çıxarması, ən xırda detallaradək incələməsi şübhəsiz ki, çox önəmli bir faktdır. Bu, ilk növbədə Prezident Administrasiyasının nə qədər çevik fəaliyyət göstərməsindən xəbər verir”.

Bunu Teleqraf.com-a açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin və “Baymedia.az” saytının rəhbəri Elçin Mirzəbəyli avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında keçirilən dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsinə münasibət bildirərkən deyib.

E.Mirzəbəyli deyib ki, müşavirədə səslənən fikirlər təkcə iradlar deyil: “Bütövlükdə tövsiyələr, eyni zamanda irəli sürülən təkliflər mətbuatın fəaliyyəti üçün çox mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, Azərbaycan mətbuatının peşəkar kəsimi bundan sonrakı fəaliyyətində səslənən iradları mütləq nəzərə alacaq və ölkənin informasiya təhlükəsizliyi məsələlərində yanlışlıqlara yol verməyəcək. Eyni zamanda düşünürəm ki, bundan sonra müvafiq dövlət qurumları, xüsusilə də, güc strukturlarının mətbuat xidmətləri mətbuatla öz əlaqələrini daha intensiv şəkildə quracaq, baş verən hadisələrə daha çevik reaksiya verəcəklər. Şübhəsiz ki, bu da bir çox problemlərin aradan qaldırılmasına zəmin yaradacaq. Ümumiyyətlə, müşavirənin keçirilməsi öz-özlüyündə mühüm hadisə kimi dəyərləndirilməlidir. İlk dəfədir ki, Azərbaycan mətbuatı ilə Azərbaycan Prezidentinin Administrasiyası birgə müşavirə keçirir. Bunun özü dövlətlə mətbuatın içə-içə olduğunu göstərən, nümayiş etdirən bir faktdır. Eyni zamanda dövlətin mətbuata əhəmiyyət verdiyini, onunla işləmək arzusunda olduğunu nümayiş etdirən bir amildir. Bir sözlə çox əhəmiyyətli bir hadisə idi”.

E.Mirzəbəyli qeyd edib ki, mənasız IP yarışı ikinci plana keçməlidir: “Onsuz da ölkənin ictimai rəyinə oturuşan informasiya saytlarının kifayət qədər oxucuları var. Artıq rəqabət IP uğrunda olmalı deyil, daha obyektiv informasiya yaymaq, millətə və dövlətə daha çox xidmət uğrunda olmalıdır”.

Səxavət


Müəllif: