Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın regionlarında yaşayan əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti ölkənin şimal rayonlarında davam etdiriləcək.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, ƏƏSMN-nin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada cari il sentyabrın 11-də Xızı, Siyəzən, Şabran və Xaçmaz, sentyabrın 12-də isə Quba və Qusar rayonlarının əlilliyi olan sakinlərinə səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirəcək. Qeyd olunan rayonlar üzrə dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopedik bərpa xidməti göstəriləcək 242 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın qeydiyyatı aparılıb.
Həmin şəxslər lazım gəldikdə müxtəlif reabilitasiya vasitələri ilə də təmin ediləcəklər. Bununla da ölkənin şimal rayonlarında yaşayan belə şəxslərin protez-ortopediya məmulatları ilə təmin edilmək üçün paytaxt Bakıya gəlmələrinə ehtiyac qalmayacaq. 2013-cü ilin dekabr ayında ƏƏSMN-n üzrə müvafiq Əmrə əsasən yaradılmış səyyar tibbi-texniki briqadalar bu vaxta qədər 20-ədək rayon üzrə 350 nəfərdən çox əlil şəxsi və sağlamlıq imkanları məhdud uşağı səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edib.
Naibə