Müşfiq Ələsgərli: “Bu cür hallar yenidən baş verərsə, qanunvericiliyin verdiyi imkanlar daxilində ölçü götürüləcək”
Aydın Kərimov: “Jurnalistlərin peşəkarlığının artırılması baxımından tədbirlərə ehtiyac var”
Qulu Məhərrəmli: “İnsanların çoxu hərbi əməliyyatlarla bağlı məsələyə şou xəbərləri kimi baxır”
Avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında keçirilən dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və KİV rəhbərlərinin müşavirəsi geniş rezonans doğurub. Yada salmaq yerinə düşər ki, Ramiz Mehdiyev müşavirədə geniş məruzə ilə çıxış edib. Ölkənin informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlərin müzakirə olunduğu toplantıda administrasiyanın rəhbəri bildirib ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi KİV-lərin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib. Ramiz Mehdiyev cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması və s. barədə konkret faktlar göstərib. O, xəbərdarlıq edib ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır. Beynəlxalq praktikada belə hallarda qanunvericiliyin tələblərinə uyğun sanksiyaların tətbiq olunduğunu diqqətə çatdıran Ramiz Mehdiyev deyib: “Formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra da atılacaqdır”.
İndi, həmin hadisənin üstündən bir aya yaxın vaxt ötdüyü bir məqamda soyuq başla yəqin ki, hamının ürəyindən bu sözlər keçir; cəbhədə gərginlik baş verərkən mediamızın bu qədər dezinformasiya yaymasına səbəb nə idi?
Doğrudanmı, mətbuatımızda təcavüzkar ölkənin mənafeyi üçün çalışan zümrə mövcuddur, yoxsa bu işdə qeyri-peşəkarlıq əsas rol oynayıb? Əgər qeyri-peşəkarlıq mediamızda bu dərəcədə meydan sulayırsa, onun qarşısını almaq, yəni peşəkarlığı artırmaq üçün nələr etmək lazımdır? Jurnalist hansı informasiyanı yaymalı, hansını yaymalı deyil? Bununla bağlı məsələlər qanunvericilikdə nə cür tənzimlənir? Qanunvericilikdə boşluqlar varmı? Varsa nədən ibarətdir?
Bütün bu suallara aydınlıq gətirmək üçün ekspertlərə müraciət etdik.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHi) sədri, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli bildirib ki, jurnalistlərin spesifik statusları var və əldə olunan məlumatın yayılması jurnalistikanın mahiyyətini təşkil edir. Bununla belə o qeyd edib ki, cəmiyyətin, ictimaiyyətin maraqları nəzərə alınaraq bəzi informasiyaların yayımına məhdudiyyət qoyulur: “Bu, Azərbaycan qanunvericiliyində təsbit olunmuş haldır. Məsələn, kommersiya sirləri, dövlət sirləri, hərbi sirlər sahəsində ölkə qanunvericiliyində çox açıq və aydın şəkildə müddəalar nəzərdə tutulub. Məsələ ondadır ki, təkcə Azərbaycan qanunvericiliyində deyil, beynəlxalq praktikada da bu məsələlər öz əksini tapıb. Məsələn, biz media azadlığı ilə bağlı daha çox istinad olunan sənədə – Avropa Konvensiyasının 10-cu maddəsinə baxsaq, görərik ki, həmin maddənin 1-ci bəndi medianın azadlığını, onun statusunu, 2-ci bəndi isə informasiya azadlığına qoyulan məhdudiyyətləri nəzərdə tutur. Açıq mətnlə cəmiyyətin, ictimaiyyətin maraqlarına zidd olan, ona fayda gətirməyən konkret hansı informasiyaların məhdudlaşdırıla biləcəyi göstərilir. Yəni, müəyyən kateqoriyaya daxil olan informasiyaların müəyyən mərhələdə məhdudlaşdırılması barədə məsələlər nəinki Azərbaycan qanunvericiliyində, həm də beynəlxalq konvensiyalarda öz əksini tapıb və peşəkar jurnalistlər bunu çox yaxşı bilirlər”.
M.Ələsgərli təəssüflə qeyd edib ki, avqustun əvvəlində baş vermiş atəşkəsin intensiv pozulması halları və “mini müharibə” şəraiti Azərbaycanda qanunvericiliyin və beynəlxalq konvensiyanın bu müddəasının nəzərə alınması hallarında hələlik boşluqlar olduğunu, həmçinin jurnalistlərin həmin məqamlarla həssas davranması barədə anlayışı olmadığını göstərib: “Bu müddəaları pozan jurnalistləri iki qismə bölmək mümkündür. Birinci kateqoriya – daha azlıq təşkil edənlər – qeyri-peşəkar davrananlar, yəni qanunvericiliyin bu müddəalarından məlumatsız olan şəxslər. İkinci kateqoriya isə bu müddəaları bilən və bilərəkdən pozan şəxslər. Mən onlara jurnalist deməzdim, burada söhbət informasiya yayıcılarından gedir. Avqustun əvvəlində baş verən hadisələr zamanı, həqiqətən də, Azərbaycan cəmiyyətinə şok yaşadacaq hadisələr oldu. Yəni, çox təzadlı və cəmiyyəti çaşdıran informasiyalar yayılmağa başladı. Guya Azərbaycan ordusunun hücuma keçməsi, bunun haradasa başlanmış müharibənin Azərbaycanın təşəbbüsü olması, yeni-yeni torpaqların işğaldan azad olunması və bu tipli digər xəbərlər ilk baxışdan Azərbaycana fayda verən, guya ki, Azərbaycan təəssübkeşliyindən çıxış edilərək yazılıb. Amma böyük əksəriyyəti təəssübkeşlik deyildi və siyasi mənada Azərbaycana vurulan zərbə idi. Çünki beynəlxalq ictimaiyyət həmin informasiyalara baxırdı və hərbi əməliyyatların başlanma səbəbini Azərbaycanda görürdü. İkinci qismə daxil olanlar ənənəvi, tanıdığımız media qurumlarının, onlayn saytların nümayəndələri deyillər. Həmin ərəfədə çoxsaylı onlayn saytlar, xəbər portalları meydana gəldi və bunlar çox aktiv şəkildə fəaliyyət göstərdilər. Onlar belə deyək, Azərbaycan xalqını nəinki çaşdıran, ona yalançı sevinc xəbərləri verən, eyni zamanda əhalini təşvişə salan məlumatlar yaymağa başladılar. Bu xəbərlərə bizim əsgərlərin guya hədsiz sayda şəhid olması, itkilərimizin çoxalması, hansısa kəndlərin boşaldılması kimi xəbərlər daxil idi. Bu xəbərlərə baxanda artıq belə bir qənaət yaranır ki, bunlar qeyri-peşəkarlıq, informasiyanın bilməyərəkdən yayılması halı deyil. Birmənalı şəkildə düşmən mövqeyinə xidmət edən informasiyalardır və biz hesab edirik ki, bunlar təsadüfi şəkildə ortaya çıxa bilməzdi. Demək, bunların arxasında hansısa maraqlar, hansısa güclər dayanırdı və onlar Azərbaycan cəmiyyətini çaşdırmaq üçün bu cür yanlış informasiyalar yaymağa başladılar”.
Müsahibimiz deyib ki, qanunvericilik bilərəkdən, yaxud bilməyərəkdən bu cür yanlışlığa yol vermiş jurnalistlər, saytlar, redaksiyalar barədə ölçü götürülməsinə imkan verir. Onun sözlərinə görə, qanunvericilik bu cür hallara yol vermiş şəxslərin 3 ildən 7 ilədək azadlıqdan məhrumetməsini də nəzərdə tutur: “Amma bu, Azərbaycan dövlətinin humanist addımı idi ki, bu hadisələr vaxtı çox radikal davranışa gedilmədi. Yəni, əllərində imkan olmasına, bu cür səhv etmiş onlarla jurnalisti həbs etmək mümkün olduğu halda Azərbaycan dövləti və hakimiyyəti bu addımları atmadı. Əvəzində, cəmiyyətdə və mediada baş verən yanlışlıqları medianın özünə başa salmağa çalışdı. Əgər bu cür hallar yenidən baş verərsə, o zaman qanunvericiliyin verdiyi imkanlar daxilində ölçü götürüləcək”.
Ədliyyə nazirinin sabiq müavini, hüquqşünas Aydın Kərimov isə bildirib ki, müharibə vəziyyətində olan ölkədə dövlətin media siyasəti müəyyənləşməlidir. Onun sözlərinə görə, konsepsiya hazırlanmalı və bilinməlidir ki, nələr mediada gedə bilər, nələr gedə bilməz: “Dövlətin bununla bağlı strategiyası müəyyənləşməlidir. Bundan çıxış edərək mətbuat orqanları əldə etdikləri informasiyanı yaya bilərlər. Bu məsələyə daha çox informasiyanı mühafizə etməli olan təşkilatlar diqqət yetirməlidirlər”.
Qanunvericiliyə gəldikdə isə A.Kərimov qeyd edib ki, qanunvericilik jurnalistlərə verdiyi hüquqdan çox məsuliyyət müəyyənləşdirib: “Jurnalistin hansı informasiyanı yaymaq hüququndan məhrum olduğu qanunvericilikdə – həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsində birbaşa göstərilib. Məsələn, valideynlik hüququ, övladlığa götürmək, notariat sirri, xəstəlik sirri və şəxsi həyatın toxunulmazlığı ilə bağlı digər məsələlərə haqda jurnalistlər yaza bilməzlər. Amma bir çox jurnalistlər buna əməl etmirlər. Beləliklə, bizim cəmiyyətlə jurnalistika arasında bir ziddiyyət, disproporsiya yaranıb. Qanunvericiliyin müddəaları həm informasiya yayan, həm də informasiya verən orqanlarla bağlı məsələləri tam əhatə edir. Amma hələlik biz buna tam əməl edə, balansı tapa bilmirik. Bu istiqamətdə həm qanunvericilik, həm təbliğat, həm də jurnalistlərin peşəkarlığının artırılması baxımından tədbirlər görməyə ehtiyac var”.
A.Kərimov qeyd edib ki, informasiyanın verilməsi və yayılması böyük bir sistemdir. O qeyd edib ki, akademik Ramiz Mehdiyevin yanında keçirilən müşavirə bu sistemin təkmilləşməli olduğunu göstərib: “Ümid edirəm ki, bu sistem daha da təkmilləşəcək. Ola bilsin ki, jurnalistlər üçün bununla bağlı xüsusi təlimlər, tədbirlər keçirmək lazımdır. Hüquqşünaslar bunları jurnalistlərə izah etməlidirlər”.
Media məsələləri üzrə tanınmış ekspert Qulu Məhərrəmlinin fikrincə, avqustun əvvəlində cəbhədə gərginlik baş verən zaman medianın çoxlu dezinformasiyalar yayması maraqdan irəli gəlməyib, yaxud düşünülmüş bir addım olmayıb: “Bu, sadəcə olaraq mediada qeyri-peşəkarlığın nəticəsidir. Müəyyən dərəcədə bu problemləri dərk etməməkdən, ekstremal şəraitin düzgün dərk olunması və onun mediada əks etdirilməsini lazımınca qavramamaqdan irəli gəlir. Burda iki məsələ bir-birinə qarışdırılır. Amma bunu qəti şəkildə bir-birindən ayırmalıyıq. Biri var bizim peşəkar media, bir də var sosial şəbəkələr. Hesab edirəm ki, bir çox məsələlər sosial şəbəkələrdə qarışdırılır. Çünki insanların çoxu bu məsələyə elə şou xəbər kimi baxır. Yəni, burdan tank keçir, oradan topla atırlar və sair. Bu məsələlərlə bağlı cəmiyyətdə səviyyə kifayət qədər yüksək olmadığı üçün fərqinə varmadan tam şəkildə hərbi məlumatlar da yayılır. Hesab edirəm ki, mediamız bu məsələdə diqqətli olmalı və maariflənməlidir. Çünki təhlükəsizlik məsələsi çox ciddidir, insanların əsas instinktidir. Biz özümüzü bu təhlükələrdən qorumaq üçün də bəzi qaydaları bilməliyik. Hesab edirəm ki, müşavirənin keçirilməsi çox vacibdir. Hər halda danışılan məsələlər onu göstərir ki, məsələ kifayət qədər ciddidir. Yəni, bu məsələyə barmaqarası baxmaq olmaz. Bizim media rəhbərlərimiz bunu nəzərə almalıdırlar”.
Səxavət HƏMİD
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.