İspaniyada yaşayan soydaşlarımız Barselona şəhərində bir qrup erməni təşkilatı tərəfindən təşkil olunmuş “Artsax müharibəsinin qəhrəmanları” adlı təxribat xarakterli konsertin keçirildiyi binanın qarşısında etiraz aksiyası keçiriblər.
Teleqraf.com xəbər verir ki, etiraz aksiyasında iştirak etmək üçün İspaniyanın müxtəlif regionlarından, o cümlədən Barselona, Madrid, Valensiya, San-Sebastian şəhərlərindən, habelə Fransadan gəlmiş həmvətənlərimiz Azərbaycan bayraqlarını,“31 mart - Azərbaycanlıların Soyqırımı Günü”, “Qarabağ Azərbaycanın döyünən ürəyidir”, “Qarabağ Azərbaycana məxsusdur” şüarlarını nümayiş etdirərək Ermənistanın işğalçılıq siyasətini, ermənilərin növbəti təxribat əməlini üzə çıxararaq həmin əməlləri şiddətlə qınayıblar.
Bundan hiddətlənən bəzi “konsert iştirakçıları”nın asayişi qoruyan polis əməkdaşlarına soydaşlarımızın etiraz aksiyasından şikayət etmələrinə, hətta qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağını göstərməyə belə cəhd etmələrinə baxmayaraq, heç bir halda istədiklərinə nail ola bilməyiblər.
Aksiyaya toplaşan həmvətənlərimiz harada olmalarından asılı olmayaraq erməni təxribatına qarşı çıxmağa hazır olduqlarını, ölkəmizin milli mənafelərinin qorunması baxımından bu cür təxribat əməllərinin qarşısının alınmasında hər zaman birlik nümayiş etdirərək səfərbər olacaqlarını qeyd ediblər.