Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə Azərbaycanda regionların inkişafı ilə tanış olmaq və bu xüsusda ölkənin bölgələrində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin 60-dan çox nümayəndəsinin Gəncə şəhərinə, Samux və Göygöl rayonlarına tanışlıq səfərləri təşkil olunacaq.
Bu barədə Teleqraf.com-a XİN-dən məlumat verilib.
Səfər aprelin 2-3-də baş tutacaq.
Səfər çərçivəsində diplomatlar Gəncə şəhərində Heydər Əliyev Park-Kompleksi, Nizamə Gəncəvi məqbərəsi, İmamzadə ziyarətgah kompleksi və Gəncə Avtomobil zavodu ilə tanış olacaqlar.
Eyni zamanda, diplomatlar Samux rayonunda “AqroEnerji” kompleksi və “Aqro Diary” MMC ilə, Göygöl rayonunda isə alman mədəni irsi, Göygöl Milli Parkı və Göygöl şərab zavodu ilə tanış olacaqlar.