“Ordu quruculuğu prosesinə start verildi. Bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Qeyd etdiyim kimi, sonuncu reytinqə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi göstərdi. Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik. Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilmişdir. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir”.
Teleqraf.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüşündə çıxışı zamanı deyib.
“Bütün bunlar reallıqdır. Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir.
Hərbçilərin məişət problemləri həll olunur. Buna da böyük diqqət göstərilir. Keçən ilin sonunda 300-dən çox hərbçiyə yeni mənzillər verildi. Bu günə qədər yüzlərlə hərbçi dövlət tərəfindən mənzillərlə təmin edilib. Bu proses davam etdirilir. Eyni zamanda, hərbi hissələrin yenidən qurulması prosesi geniş vüsət almışdır. Son illərdə bir çox hərbi hissələrin şəhərciklərinin açılışında olmuşam. Hər yerdə səviyyə yüksəkdir, şərait çox gözəldir, o cümlədən bu hərbi hissədə. Burada mənə əvvəlki illərdə olan vəziyyəti əks etdirən fotoşəkillər təqdim olundu. Əlbəttə ki, vəziyyət çox ağır idi. Ancaq mənim xüsusi tapşırığım əsasında hərbi hissə qısa müddət ərzində yenidən quruldu, burada yaxşı şərait yaradıldı. Həm burada çalışanlar, həm yataqxanalarda qalanlar üçün gözəl şərait yaradıldı. Onu da bildirməliyəm ki, bizim hərbi hissələrimizdə mülki işlərdə mülki vətəndaşlar çalışır, bu da yenilikdir. Beləliklə, biz hərbçiləri, onların fəaliyyətini əsas vəzifə borcuna yönəltmişik, eyni zamanda, 20 minə yaxın mülki şəxs işlə təmin edilmişdir”, - deyə, Prezident əlavə edib.