"Dünyada narkotiklərə qarşı mübarizə sahəsinə həsr edilən ən mötəbər tədbirlərdən biri də məhz bu konfransdır. Bugünkü tədbir narkotiklərin qanunsuz dövriyyəsi və çirkli pullarla mübarizədə beynəlxalq təcrübənin öyrənilməsinə öz töhfəsini verəcək".
Bunu baş nazir Novruz Məmmədov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransında (IDEC) çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi sübut edə bilib: "Bir çox əhəmiyyətli layihələrə imza atılıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmiz Amerika ilə bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq edir".
Baş nazir qeyd edib ki, Azərbaycan və ABŞ terrorizm, narkotiklərə qarşı mübarizədə birgə fəaliyyət göstərirlər: "Narkomaniya bütün dünyanı narahat edən ciddi məsələdir. Dövlət başçısı narkomaniya sahəsinə qarşı da ciddi tədbirlər görür. Bu sahədə vacib dövlət proqramları qəbul edilib, qanun layihələri daha da təkmilləşdirilib".
N.Məmmədov vurğulayıb ki, son 5 ildə ölkədə 8 ton 354 kq narkotik vasitə dövriyyədən çıxarılıb.
Baş nazir əlavə edib ki, 25 ildən çoxdur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun Ermənistanın işğalında qalması beynəlxalq terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi üçün səmərəli şərait yaradır./report/