16 Aprel 2019 01:15
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün artıq bir neçə ildir ki, vahid format mövcuddur. Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun çətiri altında müzakirələr aparırlar. Münaqişənin tənzimlənməsi məqsədilə beynəlxalq hüquq normaları çərçivəsində konkret prinsiplər müəyyənləşib.

Bu, Helsinki Yekun Aktına və Madrid prinsiplərinə əsaslanır. ATƏT-in 1975-ci il Helsinki Yekun Aktının "gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək" prinsipində vurğulanıb: "Dövlətlər qarşılıqlı münasibətlərində, eləcə də ümumiyyətlə, beynəlxalq münasibətlərində hər hansı ölkənin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı... güc tətbiqindən və gücdən istifadə ilə hədələmədən çəkinəcəklər". Ermənistan isə daim bu müddəanı arxa plana keçirərək, qeyri-konstruktiv addımlar atıb. Sonuncu dəfə baş nazir Nikol Paşinyan Strasburqda AŞPA tribunasından məhz bu bəndə aşkar hörmətsizlik göstərərək, yalanlar danışıb. Bu hadisə ilə bağlı bir sıra məqamların üzərində geniş dayanmağa ehtiyac duyduq.

Yenə blef: erməni liderin avropalı deputatlara yalan söyləməsi

Nikol Paşinyan küçə ilə AŞPA tribunasını səhv salan növbəti Ermənistan rəhbəri oldu. Onun Strasburqdakı çıxışını (həmin sayıqlamalara ümumiyyətlə çıxış demək mümkündürsə) dinləyən hər bir kəsdə belə bir təəssürat yarana bilər. Ermənistan adlanan qondarma bir dövlətin hökumət başçısı kimi nəinki siyasi cəhətdən əsaslandırılmış fikirlər söyləyib, hətta adi məntiqi nizamı belə olmayan cümlələr işlədib. Ona elə gəlir ki, gözlər ancaq ermənilərdə var, düşünmək qabiliyyətinə də yalnız onlar malikdirlər. Çünki belə olmasaydı, bütün dünyanın bildiyi şeyləri təhrif olunmuş və məntiqsiz qaydada yüksək kürsüdən deməzdi.

Burada əsas məsələ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların formatı, Azərbaycana və Türkiyəyə olan münasibətlərlə əlaqəlidir. Ermənistan hökumətinin başçısı deyir ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış oyuncaq rejimin nümayəndələri danışıqlarda iştirak etməlidirlər. Səbəbi də odur ki, “onlar orada doğulublar və heç bir halda işğalçı ola bilməzlər”. Həm də münaqişə edən tərəflərdən biri onlardır.

Bir qədər ciddi düşünən adam üçün bu sözlərin heç bir əhəmiyyəti yoxdur. Çünki Dağlıq Qarabağda yalnız ermənilər doğulmayıblar. Hətta onlar sonradan Rusiyanın xüsusi siyasəti ilə Qarabağa köçürülüblər. İndi qarabağlı sayılan ermənilərin babaları başqa ərazilərdən 200 il əvvəl buraya xüsusi məqsədlə gətiriliblər. Bunu tarixçilər də, Qarabağda yaşayan ermənilərin özləri də bilirlər. Lakin Qarabağda lap qədimdən türklər (azərbaycanlılar) yaşayıblar. Onların indiki nəslini erməni terrorçuları havadarlarının yardımı ilə qətlə yetirib, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur ediblər. Bax, bu məqamı yox kimi saymağa çalışıb, AŞPA-nın tribunasından Avropaya humanizmdən boşboğazlıqla dəm vuran N.Paşinyanı avropalılar özləri yerində oturtmalıdırlar.

Yəni indiki işğal vəziyyətini əbədi və təbii həqiqət kimi təqdim etmək siyasi sadəlövhlük, savadsızlıq və mənəviyyatsızlıq olmaqla yanaşı, avropalıları təhqir etmək deməkdir. Həmin parlamentdə əyləşən hər bir deputatın dünyadan xəbərsiz olduğunu nümayiş etdirmək deməkdir. Ortaya belə bir sual çıxır: doğrudanmı, parlamentdəki avropalı deputatlar həqiqəti bilmirlər? Axı məhz onlar sənəd qəbul ediblər ki, Azərbaycanın ərazisinin bir qismini Ermənistan silahlı qüvvələri kənardan olan dəstəklə işğal edib! Üstəlik, N.Paşinyanın sərsəmlədiyi günlərdə AŞPA-da "Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr" adlı panel iclası olub.

Əlbəttə, avropalı parlamentarlar çox yaxşı bilirlər ki, N.Paşinyan onları aldadır. Lakin susurlar. Niyə? Maraqlısı budur. Nəticədə elə görüntü yaranır ki, sanki Ermənistan əsl sülh carçısıdır. Görünür, Avropada proseslərin bu istiqamətdə getməsini istəyən dairələr hələ də nüfuz sahibidirlər. Belə olmasaydı, mütləq avropalı deputatlardan kimlərsə N.Paşinyana iradını bildirər və özlərinin aldanmasını istəmədiklərini deyərdi.

Eyni məntiqlə deyə bilərik ki, N.Paşinyanın Azərbaycan Prezidenti ilə danışıqlar haqqında qeyri-səmimi fikir bildirməsinə də münasibət görünmədi. Ermənistanın baş naziri etiraf edir ki, Azərbaycan dövlət başçısı səmimi müzakirə aparır. Ancaq nəticə alınmır. Səbəbi haqqında isə susur. Ona görə ki, Ermənistan həmişə qeyri-konstruktiv və təcavüzkar mövqe tutur. Onun bir vəzifəsi var: işğal etdiyi ərazilərdən hərbi qüvvələri çıxarmaq! Bu ilkin şərtə əməl etmək əvəzinə min cür hoqqa çıxarırlar. Gah insan haqlarından danışır, gah sülh prosesindən dəm vurur, gah da "Arsax" deyib erməni şovinizmini demokratiya kimi qələmə verməyə çalışırlar. Belə görünür ki, erməni diplomatiyası yeni xülyaya düşüb: reallığı ört-basdır etməklə danışıqları dalana dirəmək.

Həmsədrlik məsuliyyəti: ikili standartlar və böyük dövlətlərin susqunluğu

Yəni, ümumiyyətlə, işğaldan danışmamaqla diqqəti mücərrəd məqamlara yönəltmək. Bunu gah demokratiya pərdəsi altında, gah absurd "öz müqəddəratını təyinetmə" müddəası görüntüsü ilə, gah da "xoşniyyətli əməkdaşlıq" yalanı ilə gizlətməyə çalışırlar. Təbii ki, bu cür primitiv üsulları adi insanlar belə başa düşürlər. Prezident İlham Əliyev isə hər bir diplomatik ibarənin altında hansı məna və məqsədin olduğunu çox gözəl bilir. Bu səbəbdən də həmişə təmkinlə ifadə edir ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi ərazilərdən birmənalı çıxmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, evlərindən didərgin salınmış Azərbaycan vətəndaşları yurdlarına qayıtmalıdırlar!

Burada aydın olmayan, ədalətsiz nə vardır? Qətiyyən heç nə yoxdur. Səmimi olan üçün hər şey gün kimi aydın və beynəlxalq hüquq normalarına tam uyğun olandır. Ancaq N.Paşinyan öz küçə ağlı ilə hesab edir ki, bu kimi tələblərin üstündən sükutla keçib, prosesi mənasız bir məcraya yönəldə bilər. Qətiyyən mümkün deyildir. Ermənistan rəhbərinin kim olmasından asılı olmayaraq, Azərbaycan haqlı tələbindən zərrə qədər də çəkilə bilməz: işğal edilmiş ərazilər azad edilməlidir, vəssalam!

Bunun əvəzində başqa heç bir söz belə Azərbaycan üçün müzakirə obyekti deyil. Əgər Ermənistan silahlı qüvvələrini işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxaracaqsa (BMT TŞ-nin dörd qətnaməsində məhz bu tələb qoyulub), ondan sonra digər məsələlərə baxmaq olar. Bu tələb dəfələrlə erməni tərəfə bildirilib və bildirilir. Lakin onlar yenə də müxtəlif bəhanələrə meyil göstərirlər. Bunun da əsas səbəbi Ermənistanın forpost olması və böyük dövlətlərin qeyri-səmimiliyi ilə bağlıdır.

Məsələ ondan ibarətdir ki, Ermənistan başqa ölkədən tam asılıdır. Onun öz qərarı yox dərəcəsindədir. Daim kənardan verilən göstərişləri yerinə yetirir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləri statusunda olanlar da Ermənistana gizli havadarlıq edirlər. Onlar sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini deyir, ancaq əməldə isə bunun təmin edilməsi üçün üzərlərinə düşəni yerinə yetirmirlər. Həmsədrlərin hər biri yol göstərir: münaqişə tərəfləri danışsınlar, bir razılığa gəlsələr, biz də dəstəkləyəcəyik. Pərdə arxasında isə İrəvana "destruktiv ol!" deyə, pıçıldayırlar. Bunları gizlətməyin mənası yoxdur. Çünki artıq uzun illərdir ki, münaqişə ilə bağlı aparılan danışıqlar süründürülür. Ermənistan köşəyə sıxışdırılan kimi kənardan ortaya fərqli bir bəhanə atılır və sakitcə ermənilərin həmin bəhanəni necə çeynəyib "real fakt" kimi təqdim etdiyini seyr edirlər.

İndi N.Paşinyanın "Arsax" danışıqlar tərəfidir" kimi əsassız tələbi də həmin qəbildəndir. Belə olmasaydı, N.Paşinyanı dərhal susdurar və tələb edərdilər ki, hərbi qüvvələri işğal altındakı Azərbaycan ərazilərindən çəksin. Bunun əvəzində "münaqişə edən tərəflər danışsınlar" kimi mücərrəd fikir bildirirlər. Guya vəziyyət aydın deyil? "Hərbi əməliyyatlar başlamasın" tələbini qoyanlar Ermənistandan Azərbaycan torpaqlarından çəkilmək tələbini qoya bilməzlər? Ermənistan nədir ki, buna etiraz edə bilsin? Həm də haqsız tərəfin etirazına niyə baxılmalıdır?

Bütün bunlar N.Paşinyan kimilərin Avropanın özündə avropalıları axmaq yerinə qoymasına şərait yaradır. Oradan o, Azərbaycan və Türkiyəyə iftira və yalanlar səsləndirir. Türkiyə ilə ön şərtsiz əlaqələr yaratmağa hazır olduğunu deyir. Azərbaycanı isə "hərbi ritorika" ilə gərginlik ab-havası yaratmaqda ittiham etməyə cəhd göstərir. Bir avropalı deputat sual etmir ki, sənin Dağlıq Qarabağda nə işin, ora Azərbaycan ərazisidir?!

Belə çıxır ki, N.Paşinyan növbəti təlxəkliyini havadarlarının dəstəyi ilə edib. O, danışıqlar prosesini pozmaq üçün absurd bir mövqe tutub. Yalan ayaq tutur, ancaq yerimir. Azərbaycanın səbrinin bir həddi var. O, tükənəndən sonra Ermənistan üçün olduqca acınacaqlı bir vəziyyət yaranacaq. Onda erməni separatizminin tör-töküntülərini heç kim və heç nə xilas edə bilməyəcək!

Newtimes.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər