30 Aprel 2019 09:05
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Birinci vitse-prezidenti olduqca önəmli məsələyə toxundu və bu, çox böyük bir tövsiyə, rəsmi qurumlara yönəlik ciddi mesajdır. Əlbəttə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidməti məsələyə müdaxilə etməklə, orada nə olub-bitdiyi ilə bağlı ictimaiyyəti vaxtında məlumatlandırmaqla bu söz söhbətlərə çox rahat şəkildə son qoya, İçərişəhərdə baş verənləri bəhanə edib sosial şəbəkələrdə dırnaqarası fəaliyyətlə məşğul olanların pozucu fəaliyyəti genişlənməmiş qarşısını ala bilərdi.

Bu sözləri Axar.az-a açıqlamasında əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İçərişəhərə gedərək, vəziyyətlə yerindəcə tanış olması və açıqlamalarını şərh edərkən deyib. O, birinci xanımın söylədiklərinin mediaya da bir siqnal olduğunu bildirib:

“Mehriban xanım bu mesajını xatırlatmaqda böyük fayda var. Birinci vitse-prezident açıq mətnlə bildirdi ki, “belə hallarla, belə yalanlarla üzləşməmək üçün biz gərək özümüz bütün informasiyanı dolğun şəkildə ictimaiyyətə təqdim edək. İşlər başlamamışdan əvvəl təqdim edək ki, belə işlər görülməlidir, niyə görülməlidir, necə görülməlidir. O zaman hər şey də yaxşı olacaq”. Bu, yaranmış əsassız hay-küyün qaynağı ilə bağlı çox dəqiq yanaşmadır. Təəssüf ki, İçərişəhərlə bağlı biz bunu müşahidə etmədik: medianın müraciətlərinə heç bir cavab verilmədi, sosial şəbəkələr həmişə olduğu kimi şayiə və həqiqətə tamamilə uyğun olmayan məlumatlarla dolub daşdı. Radikal müxalif qruplar isə bundan çox ciddi şəkildə sui-istifadə etdilər. Ortaya vaxtilə İçərişəhərdə bərpa işləri aparılan zaman çəkilmiş şəkilləri ataraq ictimaiyyəti tamamilə aldatdılar. Qısa zamanda təhtəlşüura yanlış informasiyalar oturduldu.

Media işi ilə məşğul olan hər kəs bilir ki, yanlış informasiya artıq şüurlara oturandan sonra o yanlışı ortadan qaldırmaq çətin olur. Beləliklə, yanlış informasiyanın qarşısının vaxtında alınmaması yaranmış hay-küyə ən yüksək səviyyədə müdaxiləni aktuallaşdırdı və Mehriban xanım Əliyeva da reallığı olduqca dəqiq analiz edərək, İçərişəhərə şəxsən özü gəldi və tövsiyələrini verdi. Televiziya kanallarının çəkilişləri vasitəsilə bir daha şahidi olduq ki, İçərişəhərdə qeyri-adi heç nə baş vermir, iddia olunduğu kimi qala divarları dağıdılmır və hansısa kafe, yaxud restoran tikilmir. Tamamilə aydın oldu ki, bütün bunlar reallıqdan uzaq, cəfəng fikirlərdir. Amma bütün bunlar yalnız Mehriban xanımın birbaşa müdaxiləsi ilə üzə çıxdı, idarənin çevik media siyasəti ilə deyil”.

A.Camalqızı internet və texnologiyanın sürətlə inkişaf etdiyi indiki dövrdə qurumların ölkədə baş verən hadisələrə dərhal reaksiya verməsinin və sosial şəbəkələrdə aktiv olmasının vacibliyini vurğulayıb:

“Birinci xanım orada bizim hamımızın ürəyindən keçəni dilə gətirdi. Xüsusi olaraq vurğulayaq ki, bu, yalnız “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə bağlı deyil. Elə bu ay baş verən və ictimaiyyəti narahat edən məktəb olayı ilə bağlı da nazirliyin çevik reaksiyasını müşahidə etmədik”.

Aynur Camalqızı bildirib ki, rəsmi qurumlarda qəribə bir ənənə formalaşıb və bütün sualları yazılı müraciət formasında qəbul edir, “3 iş günü ərzində cavablandırılacaq” deyə bildirirlər:

“Nəzərə almaq lazımdır ki, ənənəvi çap mediası dövrü deyil, informasiya həddən artıq sürətlə yayılır, sosial şəbəkələr o qədər inkişaf edib ki, artıq dövlət başçıları belə sosial şəbəkələr üzərindən öz mesajlarını, bəyanatlarını yayırlar. Məsələn, ABŞ Prezidenti Donald Tramp Tvitter üzərindən dünyanın aparıcı media qurumları ilə təkbaşına “dava” aparır. Hazırda gün, saat deyil, hətta dəqiqə baxımından gecikmək informasiya manipulyasiyasının qarşısını almaqda böyük çətinlik yaradır. Ona görə də əvvəlcədən informasiya ilə ictimaiyyət təmin edilməli, belə fövqəladə hallarda isə medianın müraciəti anında cavablandırılmalı və peşəkarlara bu informasiya manipulyasiyasının qarşısını almaq üçün əsas verilməlidir”.

A.Camalqızı bildirib ki, Azərbaycanda keçirilən və dünyada 500 milyon insanın izlədiyi böyük idman yarışı günlərində bu informasiyanın yayılması təsadüf ola bilməzdi:

“Radikal müxalifətin aparıcı simaları Əli Kərimli, Aslan İsmayılov İçərişəhərdə söküntü işləri ilə bağlı illər öncə çəkilmiş şəkilləri sosial şəbəkələrədə yaydılar və qısa müddət ərzində həmin o fotolar, videolar bir neçə milyon insan tərəfindən izlənildi. İnformasiyalar yanlış və hakimiyyətin əleyhinə xüsusi şəkildə hazırlanmışdı. Doğru-düzgün cavab verilməli idi ki, sözügedən məlumatların anındaca yanlış olduğu sübut olunsun. Amma təəssüf ki, məsul tərəf bu məsələdə susdu, “İçərişəhər” idarəsinin mətbuat xidməti jurnalist suallarından yayındı, hətta qoruq ərazisində fotomüxbirlərin reallığı əks etdirən fotolar çəkməsinə belə imkan verilmədi. Nəticədə radikal müxalifətin əlinə hakimiyyət əleyhinə növbəti dəfə “stəkanda fırtına yaratmaq” üçün fürsət verilmiş oldu. Təbii ki, müxalifətin etdikləri tərbiyəsizlikdir. Hətta Birinci vitse-prezidentin İçərişəhərə getməsi, orada vəziyyətlə yerində tanış olması, jurnalistlərə açıqlama verməsindən sonra ən azı yalanlarına alət etdikləri fotoşəkilləri öz səhifələrindən silə bilərdilər, amma bunu etmədilər. Etdikləri əxlaqsızca bir davranış idi. Amma media, xüsusilə rəsmi idarələr qarşılarındakının kimlər olduğunu bilməli və buna hazırlıqlı olmalıdırlar”.

A.Camalqızı yanlış informasiya yaymaqla insanlar arasında hakimiyyət əleyhinə əks-təbliğat aparılmasının qarşısını almaq üçün sonuncu hadisədən dərs çıxarmağın önəmli olduğunu deyib:

“Mehriban Əliyevanın İçərişəhərə gəlməsi, baş verənlərlə yerindəcə tanış olması da əslində Azərbaycan insanının arzuladığı, görmək istədiyi məmur obrazını ortaya qoydu. Əslində, cənab Prezident İlham Əliyevin ölkədə olmadığı və Çində keçirilən, Azərbaycan üçün olduqca mühüm beynəlxalq tədbirdə iştirak etdiyi bir məqamda Mehriban xanım Əliyevanın məsuliyyəti birbaşa üzərinə götürməsi və çevik siyasi qərarlarla yanlış informasiyaların qarşısını şəxsən alması elə o idarə rəhbərinə, məmurlara da bir örnəkdir. Yəni bu yanlış informasiya yayılan ilk anda belə idarə rəhbəri ictimaiyyət və media önünə şəxsən çıxmaqla radikalların manipulyasiyasının qarşısı ala bilərdilər”.

Politoloq qeyd edib ki, Mehriban xanım Əliyevanın bu addımı həm də onun genişfunksiyalı fəaliyyətini, cəmiyyəti hiss etdiyini, insanlara və ümumilikdə xalqa münasibətini ortaya qoydu:

“O, insanların istədiyinə dərhal reaksiya verməklə kifayətlənmədi, təmir işlərinə şəxsən baxdı, göstəriş və tövsiyələrini verdi, “İşərişəhərin bir daşı da dəyişdirilə bilməz” kimi qəti mövqeyini ortaya qoydu, həmçinin sakinlərlə olduqca səmimi ünsiyyət qurdu və Mehriban xanımın İçərişəhərə gəlməsi ilə artıq sosial şəbəkələrdə qala divarlarının dağılması deyil, birinci xanımın səmimi fotoları yayıldı. Mehriban xanım bu səmimiyyətin və sevginin qarşılığını da eynilə cəmiyyətdən ala bilir. Azərbaycan vətəndaşları ilə Birinci vitse-prezident arasındakı münasibət sevgi və səmimiyyət üzərində qurulub”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər