6 May 2019 21:37
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Muğam Mərkəzində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 5 illik yubiley tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, xarici qonaqlar və media nümayəndələri iştirak edib.

Əvvəlcə "Tolerant Azərbaycan gənci" adlı rəsm və heykəltəraşlıq sərgisinə baxış keçirilib.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov açılış nitqi ilə çıxış edib. İcraçı direktor mərkəzin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 may 2014-cü il tarixli fərmanı əsasında yaradıldığını qonaqların diqqətinə çatdırıb:

"Azərbaycanın multikulturalizm modelinin siyasi banisi məhz Heydər Əliyevdir. Onun uzaqgörən siyasəti olmasaydı, bu gün Azərbaycanda xalqlararası dostluqdan, mədəniyyətlərarası, dinlərarası dialoqdan danışmaq mümkün olmazdı. Azərbaycanın bugünkü müstəqilliyindən danışmaq isə daha çətin olardı. Bu siyasət cənab Prezident tərəfindən uğurla davam etdirilir. Qlobal müstəvidə həyata keçirilir. Buna 5-ci Mədəniyyətlərarası Forumun ölkəmizdə keçirilməsi ilə bir daha şahid olduq. Azərbaycanın Multikulturialzm modeli bu gün dünyada hər kəs tərəfindən etiraf olunur. Bu siyasətin xaricə uğurla ixrac olunmasında vitse-prezidentimiz Mehriban Əliyevanın, eləcə də, Leyla xanımın böyük əməyi var. Onların keçirdiyi tədbirlərin Azərbaycanın tolerantlığının xaricdə təbliğ olunmasında böyük rolu var. Ölkəmizin bütün ziyalıları hazırda mərkəzimizin ətrafında sıx birləşib. Prezidentimiz də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, artıq Azərbaycan dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınır".

Çıxış üçün kürsüyə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev dəvət edilib. K.Abdullayev öz növbəsində mərkəzin gördüyü işlərdən bəhs edib:

"Bu işlərin mənəvi, ilhamverici, daxili enerji saçan istiqamətini məhz Prezident İlham Əliyev müəyyənləşdirib. Düz 5 il əvvəl o dedi ki, Azərbaycan xalqının canında, qanında əsrlərlə toplanan multikulturial əhval-ruhiyəni bütün dünya daha yaxşı bilməlidir. Ondan əvvəl multikultural situasiyanın siyasi baxımdan ulu öndərimiz cizgilərini vermiş, siluetini müəyyələşdirmişdi. Milli Məclisin və digər hüquqi müəssisələrin dilində, maddələrdə xalqlar arasında münasibət, dinlərə münasibət, Azərbaycanda yaşayan digər etnik qruplara yanaşma öz əksini tapmışdı. Sadəcə bunları inkişaf etdirmək, dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazım idi. Prezident çıxışlarının birində söylədi ki, məndən xaricdə olanda tez-tez soruşurlar ki, sizin ölkədə necə ola bilir ki, müxtəlif dinlərin, konfessiyaların nümayəndələri bir-birilə münasibətini bu cür rahat qura bilir? Necə olur ki, müsəlmanların başçısı ilə xristianların başısı, katoliklərlə yəhudilər qardaşlıq mühitində yaşaya bilirlər? Faktiki olaraq bu sual bir azərbaycanlı üçün çox qəribə görünə bilər. Çünki biz sadəcə olaraq “başqa cür necə olur” sualına cavab verməliyik. Bəs necə olmalıdır? Bizə xaricdən gələn qonaqlar şikayətləniblər ki, biz xarici ölkələrdə öz dini geyimlərimizlə küçədə rahat gəzə bilmirik. Bu, həqiqətən də belədir. Lakin Azərbaycanda biz buna rast gələ bilmərik”.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxışında bildirdi ki, mərkəz müasir dövrdə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayır:

“Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir. Bu siyasətin əsasında ölkədəki etnik, dini, mədəni müxtəlifliklərin qorunması durur. Buna görə də multikulturalizm siyasətinin əsas mahiyyəti ondan ibarətdir ki, inteqrasiya proseslərini möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin tabeliyində fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanın multikulturalizm siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. Bu siyasət ölkənin həm daxili, həm də xarici siyasətində açıq şəkildə özünü biruzə verir. Mərkəzin ölkə daxilindəki fəaliyyətinə nəzər saldıqda öncə əhaliyə bu siyasətin əsaslarının çatıdırılmasını görürük. Bu istiqamətdə mərkəzin həyata keçirdiyi layihələrdən biri Azərbaycanda təhsil müəssisələrində “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərinin tədrisini göstərmək istəyirəm. Bu layihə 2015-ci ilədn həyata keçirilir. Lakin bu fənlər seçmə fənn kimi tədris olunurdu. Ötən 4 ildə bu fənnin əhəmiyyəti özünü doğrultdu. Buna görə də bu ildən həmin fənlər əsas fənn kimi tədris olunsun. Fənnin tərkib hissəsi dinlərin tarixidir. Siyasətin xarici istiqamətində baxanda gördük ki, 7 ölkədə 20 nüfuzlu universitetin bu fənni tədris etdiyinin şahidi oluruq. Bundan başqa, ölkə prezidentinin təşəbbüsü ilə “Bakı prosesi” və Mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə ünlənən hərəkat kimi BBMM-nin fəaliyyətində də bu, özünü biruzə verib”.

Təhsil nazirinin müavini Firudun Qurbanov çıxışında bildirib ki, ölkəmizin qədim bir mədəniyyəti var:

"Ən əsası isə bizim xalqın başqa dinlərə olan hörmətidir. Bu, bizim qanımızdadır. Bu gün təsadüfi deyil ki, Azərbaycanda bir sıra dini mədəniyyət nümunələri dövlət səviyyəsində qorunub saxlanır. Bu, Azərbaycan xalqının böyüklüyünü göstərir. Xalqımız həmişə digər dinlərdən, mədəniyyətlərdən bəhrələnib. Əcdadlarımız bu ənənəni qoruyub , biz də bunu qoruyub gələcək nəsillərə ötürməliyik . Nə yaxşı ki, bizim multikulturalizm siyasətini təbliğ edən dövlət qurumumuz var".

Nazir müavini bildirib ki, gələcəkdə hərbi güclər yox, məhz mədəniyyətlərarası fərqlər münaqişənləri gücləndirəcək: "Bunu nəzərə alaraq multikulturalizm fənninə çox böyük diqqət yetirilir. Eyni zamanda, Azərbaycan müxtəlif xalqların nümayəndələri yaşayır ki, biz onların dilinin tədrisi üçün də çalışırıq. Bunu nəzərə alaraq Təhsil Nazirliyi təhsil ocaqlarında multikulturalizmin əsas fənn kimi tədris olunması ilə bağlı qərar qəbul etdi. Bizdə orta və ali təhsildə müxtəlif dinlər tədris olunur. Bu onu göstərir ki, Azərbaycanda azsaylı xalqlara diqqət və qayğı göstərilir. Bununla yanaşı, biz azsaylı xalqların dilinin yaşaması, ana dilində tədrsi ala bilməsi üçün şərait yaratmışıq”.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, 5 il ərzində komitə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə sıx əməkdaşlıq edib:

"Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində o qədər də rəsmi olmayan işgüzar, səmimi, yaradıcı və enerjili bir mühit var. Multikulturalizm Azərbaycan xalqının yüzilliklər ərzində yığdığı böyük sərmayədir. Cənab Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın imicinin təbliği baxımından önəmli bazaya çevirilib. Bu mənəvi sərmayə cəmiyyətin, dövlətimizin milli təhlükəsizliyi baxımından da önəmli faktora çevrilib. Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılmasında Mərkəz önəmli rol oynayıb".

Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ nümayəndəliyinin rəhbəri Janna Skot, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova nümayəndəliyinin rəhbəri Aurella Qriqoriu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Almaniya nümayəndəliyinin rəhbəri Birgit Vayserber çıxış edərək Azərbaycanda dinlərarası tolerantlıqdan məmnun olduqlarını bildiriblər.

Tədbir bədii hissə ilə davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər