Mədəniyyət, turizm, ticarət sahəsində əməkdaşlıq son dörd ildə daha da yaxşı inkişaf edib. İkitərəfli əlaqələr 1991-ci ildə qurulub və 2007-ci ildə Azərbaycanın Meksikda, 2014-cü ildə isə Meksikanın Azərbaycanda səfirliyi açılıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini fəaliyyətinin 4-cü ildönümü ilə əlaqədar jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ölkələr arasında ikitərəfli məsləhətləşmələrin ikinci raundu 2016-cı ildə baş tutub:
"Meskal və ya narşərabın nə olduğunu bilmədən, onu necə almaq olar? Bunun üçün ilk növbədə yaxından tanışlıq və təbliğat önəmlidir. İkitərəfli münasibətlər siyasi müstəviyə də yönəlib, Meksika Senatı Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı müxtəlif sənədlər qəbul edib. İkitərəfli parlamentləratası münasibətlər də inkişaf edib. Ötən ilin dekabrında Azərbaycanın ilk ticari missiyası Meksikaya səfər edib. 2017-ci ildə isə meksikalı sahibkarlardan ibarət ticari missiya Azərbaycana gələrək aqava bitkisindən hazırlanan meskal içkisini tanıdıb. Tekila istehsalçılarından ibarət olan ikinci missiya isə ötən il gəlib, bu ilin aprelində üçüncü missiya səfər edərək Bakıda özəl şirkətlərlə iki müqavilə imzalayıb".
Diplomat 2017-ci ildə ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərən təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrini əhatə edən hökumətlərarası saziş imzalandığını xatırladıb:
"Bu il 37-yə yaxın mədəni tədbirlərin keçirilməsi planlaşdırılıb".
Səfir qeyd edib ki, son illərdə Meksika və Azərbaycan arasında ticarət əhəmiyyətli dərəcədə artıb: "Ötən il rekord nəticə əldə olunub. 2018-ci ildə ticarət dövriyyəsi 26, 2 milton dollara çatıb ki, bu da hər iki ölkənin sahibkarları arasındakı ticarət mübadiləsinin artımına bariz nümunədir".
Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycana səfər edən meksikalı turistlərin sayı 9 faiz, Meksikaya gedən azərbaycanlı turistlərin sayı 20 faiz artıb: "Azərbaycanlılar əsasən, Riviera Maya və Mexiko şəhərlərinə səfər edir".
Səfir vurğulayıb ki, neft iki ölkəni bir-birinə bağlayan təbii vasitələrdən biridir: "Meksikadan Azərbaycana neft sektoru üçün borular, turizm avtomobilləri, danışıq və ötürmə cihazları, görüntü, səsyazma və oxutma cihazları ixrac edilir. Azərbaycandan isə Meksikaya əsas ixrac olunan məhsullar əl alətləri üçün ehtiyat hissələri, qazma və zondlama maşınlarının, maşın və cihazların hissələri, neft və bitumlu mineral yağlardır".