12 İyun 2019 20:39
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının sədr müavini Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, spiker qonaqları salamlayaraq, bu cür səfərlərin parlamentlərarası əlaqələrin inkişafına müsbət təsir etdiyini söyləyib. O bildirib ki, cari ilin may ayında Almaniya parlamentinin Cənubi Qafqaz üzrə dostluq qrupunun sədri Yohanes Kars da Milli Məclisin qonağı olub.

O.Əsədov qeyd edib ki, Azərbaycan və Almaniya arasında dostluq münasibətlərinin zəngin tarixi var:

“Qafqazın bu bölgəsində alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidenti 2016-cı ildə sərəncam imzalayıb. Bu gün müstəqil Azərbaycanla Almaniya arasında münasibətlər uğurla inkişaf etməkdədir. Dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar əlaqələrimizin daha da dərinləşməsinə yeni impuls vermiş, ölkələrimiz arasında 77 hüquqi sənəd imzalanıb.

İqtisadi sahədə də müsbət tendensiya özünü göstərməkdədir. 2018-ci ildə ticarət dövriyyəmiz 1,9 milyard dollar həcmində olub. Bu ilin yanvar-aprel aylarında isə bu göstərici 590 milyon həcmindədir. Heç də təsadüfi deyildir ki, Almaniyanın Cənubi Qafqaz regionu ölkələri ilə ümumi ticarətində ötən il Azərbaycanın payı 70 faizdən çox olmuşdur. Həmin ilin statistik göstəricilərinə görə, Almaniyanın xam neft idxalında Azərbaycan 8-ci yerdə qərarlaşıb. 2004-2017-ci illərdə ölkəmizdə 201 alman şirkəti qeydiyyata alınıb”.

Spiker vurğulayıb ki, müstəqil Azərbaycan Avropa İttifaqı və onun önəmli üzvü olan Almaniya ilə əlaqələrin daha da dərinləşməsində maraqlıdır:

“Bu gün Azərbaycan Avropanın neft və qaz təchizatında əhəmiyyətli rol oynayır. Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə reallaşmış neft və qaz kəmərləri bunun əyani sübutudur. Ölkəmiz həm də Avropanı Asiya ilə daha da yaxınlaşdıracaq yeni Dəmir İpək yolu ideyasının reallaşmasına öz töhfəsini verib”.

O.Əsədov deyib ki, dövlətlərarası münasibətlərdə parlament diplomatiyasının önəmi günü-gündən artmaqdadır: “Sevindirici haldır ki, hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Almaniyanın hökumət və parlament üzvləri dəfələrlə Milli Məclisin qonağı olublar. Biz nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini əhəmiyyətli hesab edirik”.

Görüşdə Dağlıq Qarabağ problemindən söz açan sədr münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli həllinin vacibliyini vurğulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Almaniya Bundestaqının sədr müavini T.Oppermann Bakıya ilk dəfə səfər etdiyini və burada gördüklərindən məmnun qaldığını bildirib. O qeyd edib ki, Azərbaycan və Almaniya arasında ortaq dəyərlər və müxtəlif məsələlər üzrə fikir birliyi vardır.

T.Oppermannın sözlərinə görə, tərəfləri düşündürən bir sıra məsələlər üzrə dialoqun aparılması və parlament diplomatiyasının imkanlarından istifadə olunması, münaqişələrin sülh yolu ilə çözülməsi önəmli məsələlərdəndir. O bildirib ki, Bu baxımdan Milli Məclisin təşəbbüsü ilə Bakıda keçirilən konfransın əhəmiyyəti böyükdür.

Qəbulda qeyd edildi ki, Almaniya Cənubi Qafqaz bölgəsində özünəməxsus yer tutan Azərbaycanla əlaqələrin inkişafına böyük diqqət yetirir və gələcəkdə münasibətləri daha da dərinləşdirmək niyyətindədir.

Görüşdə Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Xanlar Fətiyev, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər