UNESKO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında İspaniyanın Əndəlüs Muxtar Regionunda yerləşən Donana Milli Parkını qorumaq barədə çağırış səsləndirilib.
Teleqraf.com-un məlumatına görə, Tarixi Yerlərin və Abidələrin Mühafizəsi üzrə Beynəlxalq Şurasının (ICOMOS) nümayəndəsi 54 min hektar əraziyə malik Donana Milli Parkının 1994-cü ildən Dünya İrs Siyahısına daxil edildiyi bildirib:
“Bu milli park Atlantik okeanının sahilində, Qvadalkvivir çayının okeana töküldüyü ərazidə yerləşir. Ora hər il qış aylarında 500 min quş köç edir. Bu quşlardan 5-nin nəsli kəslimək üzrədir. Dünya İrs Komitəsi növbəti iki ildə Donana Milli Parkında su ehtiyatlarının qanunsuz istifadəsinə nəzarət edəcək. UNESKO İspaniya hökumətinə müraciət edərək, onu Dünya İrs Siyahısına daxil edilmiş milli parkda vəziyyətin yaxşılaşdırılması üçün bir sıra tədbirlər görməyə çağırır. Dünya İrs Komitəsi hesab edir ki, suyun kənd təsərrüfatı məqsədləri üçün istifadə olunması təbii məkanın qorunmasının əsas problemidir. Məhz bu səbəbdən Donanada suyun səviyyəsinin azalması narahatlıq doğurmaqda davam edir və bu cür vəziyyət dəyişməzsə, o zaman həmin rayonu unikal yerə çevirən təbii sərvətlərə ciddi potensial zərər vurulacaq”.