8 İyul 2019 16:21
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası öz işini davam etdirir.

Teleqraf.com xəbər verir ki, sessiyanı açan Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev ötən günlər ərzində keçirilən müzakirələrlə bağlı məlumat verib.

O bildirib ki, 43-cü sessiyada indiyədək 29 nominasiya UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib, İspaniyanın təqdim etdiyi bir fayl geri götürülüb: "Bununla da UNESKO-nun Dünya İrs Siyahısında yer alan irs nümunələrinin sayı 1092-dən 1121-ə çatıb. Bunlardan 869-u mədəni, 213-ü təbii, 39-u qarışıq irs nümunəsidir”.

Nazir bildirib ki, gələn il Çində keçiriləcək 44-cü sessiyada 160-dan çox irs nümunəsinin siyahıya daxil edilməsinə baxılacaq.

Ə.Qarayev daha sonra qeyd edib ki, bu gün Keniyanın qədim Lamu şəhəri ilə bağlı fayla ediləcək dəyişikliklər müzakirə olunacaq. Bununla bağlı müzakirələrin əvvəl də aparıldığı bildirilib.

Tarixi Yerlər və Abidələrin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) nümayəndəsi təqdim olunan faylla bağlı hesabat verib. Qeyd edib ki, qədim Lamu şəhəri 2001-ci ildən UNESKO-nun Dünya İrs Siyahısında yer alıb. Lakin şəhərlə bağlı ölkənin üzərinə götürdüyü öhdəliklər tam həllini tapmadığından bu məsələyə yenidən baxılması zərurəti yaranıb. Sonra müzakirələr aparılıb.

Üzv dövlətlərin nümayəndələri tövsiyə ediblər ki, Keniya bu nominasiyaya düzəlişlər edərək 44-cü sessiyaya yenidən təqdim etsin.

Sonra sessiyada iqlim dəyişiklikləri ilə bağlı komitənin təqdim etdiyi sənəd – iqlim dəyişikliklərinin mədəni irsə yaratdığı təhlükələr, həmçinin, Dünya İrs Konvensiyasının bəzi qərarlarına dəyişikliklər müzakirə olunub. Təkliflər nəzərə alınmaqla bəzi dəyişikliklər təsdiq edilib.

Sessiya öz işini davam etdirir.


Müəllif: Səxavət

Oxşar xəbərlər