YAP “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda dəyirmi masa keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) Partiyadaxili inkişaf və intizam komissiyası “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda dəyirmi masa keçirib. Teleqraf.com xəbər verir ki, tədbirdə komissiyanın üzvləri, millət vəkilləri, qəzet baş redaktorları və partiyanın fəal gəncləri iştirak ediblər.
YAP-ın İdarə Heyətinin üzvü, komissiyasının sədri Kərim Kərimov bildirib ki, Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını azərbaycançılıq təşkil edir: “Azərbaycançılıq ideologiyası partiyamızın proqramının üçüncü əsas prinsipi olmaqla özündə milli, mənəvi və ümumbəşəri dəyərlərini əks etdirir. Milli ideologiyamızın tarixi kökləri və təkamülü əski çağlarla, xüsusilə XX əsrin əvvəllərindəki milli azadlkıq mübarizəsi tarixi ilə səsləşsə də, əslində müstəqil Azərbaycanın milli dövlətçilik ideologiyasının müasir konsepsiyasının əsas müddəaları müstəqil Azərbaycanın memarı, qurucusu, özünün intellektual potensialında Şərq və Qərb dəyərlərini uğurla birləşdirən ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib”.
K.Kərimov qeyd edib ki, Azərbaycanın müstəqil dövlət kimi milli ideologiyası YAP-ın məramnaməsində öz əksini tapıb. Komissiya sədri bildirib ki, milli liderin siyasi varisi prezident İlham Əliyevin son 10 illik fəaliyyəti dövründə istiqlalımızın, müstəqilliyimizin simvolu olan dövlət bayrağımız haqqında dünyaya səs salan çox mühüm qərarlar qəbul edib: “Ölkə başçısı 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu ilin 17 noyabrında isə Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamlar imzaladı”.
AMEA-nın vitse-prezidenti, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı İsa Həbibbəyli deyib ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri hələ sovet dövründə hakimiyyətdə olduğu zaman milli dövlətçilik təfəkkürünü yaratmasından və müstəqilliyə doğru ideologiyanın əsaslarını formalaşdırmasından ibarətdir: “Ulu öndərin digər bir misilsiz xidməti isə müstəqil Azərbaycanın təməlini qoymasıdır.
Dahi siyasətçi Azərbaycanı təhlükələrdən xilas etdi və müstəqilliyimizin əbədiliyini təmin etdi”.
İ.Həbibbəyli vurğulayıb ki, Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə qaldırıb: “Azərbaycan və azərbaycançılıq anlayışları qədim tarixə malik olsalar da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlədilib, son yüzillikdə həm də milli ideya olaraq formalaşıb. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir”.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov deyib ki, Heydər Əliyevin Naxçıvanda 1991-cı ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırması müstəqilliyə gedən yol idi və bu addımı ilə ulu öndər bizə müstəqillik yolunu göstərdi: “Ümumilli lider dahi insan idi. Bəzən onu kimlərləsə müqayisə edirlər. Lakin subyektiv fikrim bundan ibarətdir ki, ümummilli lideri heç kimlə müqayisə etmək mümkün deyil. Ona görə ki, ulu öndər sözün əsil mənasında müqayisəedilməz bir şəxsiyyətdir”.
Dəyirmi masa iştirakçıların çıxışları ilə davam edib.
Səxavət