30 Aprel 2014 18:00
2 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Komitə sədrinin “nurçu” olması ilə bağlı fikirlər cəfəngiyyatdan başqa bir şey deyil”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

Onun sözlərinə görə, Elşad İskəndərovu “nurçu”luqda ittiham eləmək özü dövlətə, millətə xəyanətdir: “Son 10 ildə ölkəmizdə din və dövlət münasibətlərində birmənalı olaraq həyata keçirilməyən ən mürəkkəb problemlərin həlli Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun bu sahədəki təcrübəsi nəticəsində həllini tapıb. Onun sədr təyin olunduğu son iki ildə dövlətçiliyimiz üçün zərərli dini cərəyanların, təriqətlərin və qadağan edilmiş dini ədəbiyyatların ifşa olunmasının şahidi olmuşuq və proses davam edir. Azərbaycanda mövcud olan tolerant şəraitdən riyakarcasına istifadə edən istər xaricdə, istər daxildə özlərinə himayədar tapanların ifşası istiqamətində məsuliyyətlə deməliyik ki, sədrin və bütün komitənin fəaliyyəti təqdirəlayiqdir. Elşad İskəndərov bu sahənin adamı olaraq öz işinin öhdəsindən şərəflə gəlir”.

C.Əzimbəyli bildirib ki, son illər yüzlərlə narazı dindarın dövlət başçısının ətrafında birləşməsinin səbəbkarı E.İskəndərovdur: “Biz bunun şahidiyiq. Bu mənada komitə sədri barədə yazanlara bildirmək istəyirəm ki, yalana və riyakarlığa söykənərək kimlərinsə mirzəliyini etməsinlər. Hesab edirəm ki, komitə tərəfindən aparılan sistemli “təmizləmə əməliyyatı”ndan kimlərsə artıq əndişəyə düşüb və həqiqətə sığmayan məlumatları yayırlar. Əgər Elşad İskəndərov “nurçu” olsaydı, onu ifşa edərdim və komitə sədrinə qarşı mübarizə aparanlardan birincisi özüm olardım. Bir məqamı da çatdırım ki, təmsil etdiyim Qarabağ Seyid Ocaqlarına daxil olan 16 seyid ocağının nümayəndəsi də bu məsələdə öz narahatlığını ifadə edir”.

BƏXTİYAR


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər