ATƏT Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli Dağlıq Qarabağ münaqişəsinin həllinin tərəflərdən asılı olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, Tsereteli Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanla keçirdiyi görüşdə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzərində çalışdığını deyib.
"Biz də bu prosesdə vasitəçilik edirik. Lakin təbii ki, istənilən münaqişənin həlli tərəflərdən asılıdır", - deyə o söyləyib.
ATƏT Parlament Assambleyasının prezidenti münaqişənin həlli üçün siyasi iradənin vacibliyini vurğulayıb: "İstər Rusiya-Gürcüstan, istərsə də Dağlıq Qarabağ münaqişəsi regionun ümumi inkişafına mane olur. Buna görə də əsas vəzifə bu münaqişələrin həlli üçün mümkün olan hər şeyi etməkdir. Bu istiqamətdə dəstək tələb olunur və ATƏT bu prosesdə fəal iştirak edir".