İşğal altında olan Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Küveytin vəqflər və islam işləri nazirliyinin nəzdində fəaliyyət göstərən “İslam Araşdırmaları və Quran elmləri” departamentinin direktoru, doktor Fəhd Əl-Canfavi ilə görüşündə deyib.
Y.Mahmudov bildirib ki, müasir Ermənistan Respublikasının ərazisi tarixi Azərbaycan torpaqlarıdır: "Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə yeksan ediblər. Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz saxlanılır".
Akademik Azərbaycan ilə Küveytin dost və qardaş ölkələr olduğunu bildirib.
O deyib ki, Azərbaycanın xarici siyasətində İslam ölkələri mühüm yer tutur: “Sovet dövründə Azərbaycan islam ölkəsi olduğu üçün çox ağır günlər yaşayıb. Sovet imperiyası Azərbaycanda İslam dini ilə bağlı olan hər şeyi məhv etməyə çalışıb. O zaman məscidlər bağlanıb, görkəmli islam alimləri və din xadimləri məhv edilib, Qurani-Kərim tonqallarda yandırılıb. Bu qanlı tədbirlərə baxmayaraq xalqımız islamı qoruyub saxlaya bilib”.
Görüşdə erməni vandalizmini özündə əks etdirən video-çarx nümayiş etdirilib.