8 Oktyabr 2014 23:45
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 8-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının milli müdafiə naziri Yuozas Olekas ilə görüşüb.

Y.Olekasın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anaraq, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Müdafiə Nazirliyində Y.Olekasın rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayraqları qaldırılıb, Litvanın milli müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi raport verdikdən sonra dövlət himnləri səsləndirilib. Rəsmi protokola uyğun olaraq, qonaq Şərəf Kitabını imzalayıb.

Teleqraf.com-un Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan ilə Litva arasında hərbi əməkdaşlığın həm ikitərəfli, həm də NATO-nun müxtəlif proqramları çərçivəsində həyata keçirildiyini, bu əlaqələrin dostluq münasibətləri üzərində qurulduğunu və daim inkişaf etdirildiyini bildirib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Zakir Həsənov Ermənistanın bölgədəki sabitliyə əsas təhlükə yaratdığını söyləyib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Y.Olekas dövlətlərimizin əlaqələrinin dostluq münasibətlərinə əsaslandığını, Litvanın Avropada Azərbaycanın vacib tərəfdaşı olduğunu və əməkdaşlığın daha da intensiv inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. Sonra ölkələrimizin yerləşdiyi regionlarda təhlükəsizlik məsələləri, ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Litvanın milli müdafiə nazirinin Azərbaycana səfəri oktyabrın 10-dək davam edəcək.


Müəllif:

Oxşar xəbərlər