Şərqi Azərbaycan əyalətinin valisinin müavini Əlyar Rastqu İran ərazisindən Ermənistana Rusiya silahlarının daşınmasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, o, məlum foto və videolarda olan sübutlara baxmayaraq, “Kamaz” markalı yük maşınlarının silah-sursat və hərbi texnika daşımadığını iddia edib.
Rastqunun iddiasına görə, guya həmin “Kamaz”ları Ermənistan Rusiyadan alıb, İran ərazisində tranzit kimi istifadə edilməklə, bu ölkəyə çatdırılır. Lakin foto və videolarda əks olunan “Kamaz”larda çadırla örtülmüş yüklərin nə olduğuna aydınlıq gətirə bilməyib.
O, yük maşınlarının niyə məhz Azərbaycanla işğalçı Ermənistan arasında şiddətli döyüşlər gedən vaxt İran ərazisindən keçməsi məsələsinə toxunmayıb.
Qeyd edək ki, sentyabrın 27-də Dağlıq Qarabağda yenidən başlayan döyüşlərdən sonra güney azərbaycanlılar video və fotolar çəkərək, İran rejiminin Rusiyadan Ermənistana aparılan hərbi texnikaların bu ölkənin ərazilərindən göndərilməsinə icazə verdiyini ifşa ediblər. İranın bu düşmən addımları istər azərbaycanlıların kəskin hiddəti və etirazına səbəb olub. İran rejimi faktı inkar etməyə çalışır.