“Rossiya-1” televiziya kanalının “60 dəqiqə” verilişində Paşinyan növbəti dəfə uğursuz lider olduğunu sübut etdi. Əgər Ermənistan baş nazirinin ətrafında az da olsa, ağıl və məntiq sahibi olan şəxslər var idisə, Münhendəki debatdan sonra Paşinyana Azərbaycan Prezidenti İlham Əliyevlə hər hansı debata və ya eyni verilişə çıxmağı məsləhət görməzdilər. Paşinyan növbəti dəfə Azərbaycan Prezidentinin fonunda sönük və aciz göründü. Paşinyan həmin debatda özünün həm dil biliyi, məntiqsizliyi, qətiyyətsizliyi, mövzudan kənar sərsəm fikir və ifadələri, bir neçə dəfə ciddi səhvlərə yol verməsi, həm də yenə də qorxaq, narahat, panika dolu sifət çizgiləri ilə yadda qaldı.
Bunu Teleqraf.com-a iqtisadçı-ekspert Elman Sadıqov deyib.
İqtisadçı sözügedən verilişdə bir neçə vacib məqama toxunub:
“Əvvəla Paşinyan havadarlarına özünün onlar üçün nə qədər uğursuz bir seçim olmasını bir daha sübut etdi. Hər bir lider özünün strategiyasında ana xətt seçir və öz siyasətini həmin xətt üzərində quraraq davam etdirir. Hakimiyyətə gələrkən özünü sülh göyərçini kimi təqdim edən Paşinyan qısa müddət ərzində daha çox Azərbaycan torpaqlarını işğal etmək niyyətini ortaya qoydu. O, Tərtər, Bərdə, hətta Yevlax daxil olmaqla, bir neçə rayonu “Böyük Ermənistan”a daxil edəcəyini və həyasızcasına Gəncəni də növbəti mərhələyə saxlayacağını bildirirdi. Bu niyyəti qəbul etdikləri rəsmi doktrinalarda da əks etdirirdi. Bu azmış kimi, arvadı işğal etdikləri ərazidə silahla nişan alaraq kameralara poz verir. Sülh tərəfdarının əlində göyərçin, çiçək olur, hədəfə tuşlanan silah yox. Sözlə hərəkətlərin ziddiyyəti Paşinyanın siyasətinə, fikirlərinə inam və etibarı sıfıra endirdi”.
Analitik deyir ki, Paşinyan tamamilə yanlış strategiya seçdi:
“Bu strategiya isə populizmdən doğan yanlışlıq idi. Daxili siyasətdə hakimiyyətə gəlməsinə yol açan populizmin xarici siyasətdə də uğur qazanacağına ümid etməsi Paşinyanın ən böyük səhvi oldu. Davamlı olaraq Azərbaycanı aşağılamağa çalışmaq, təhqirlərlə, məntiqsiz və mənasız fikirlərlə qarşı tərəfi özündən çıxararaq səhvə sövq etməyə çalışmaq yanlış düşüncə idi. Məhz bu hərəkətlər bir siyasətçi kimi özünün nüfuz və ciddiliyini itirməsinə gətirdi.
Paşinyan öz üzərində işləməyən siyasətçidir. Son bir neçə gündə Paşinyanın hakimiyyətə gəldikdən sonra etdiyi çıxışlara, müsahibələrə bir daha baxdım. Xarici siyasətdə hakimiyyətdə olduğu 2 ilə yaxın müddətdə öz tərzində, hərəkətlərində, davranışlarında, xarici dil biliklərində özünü bir siyasətçi kimi təkmilləşdirmədi. Sadəcə xarakteri və yanaşma tərzi dəyişdi. Daha aqressiv, həyasız və müharibə tərəfdarı olan siyasətçiyə çevrildi”.
Elman Sadıqov hesab edir ki, Paşinyanın hakimiyyətdə qalması Azərbaycana əli azərbaycanlıların qanına batmış digər erməni liderlərindən - Köçəryandan, Sərkisyandan daha çox xeyirlidir:
“Əvvəla bu siyasətdən uzaq siyasətçi öz sərsəm və populist bəyanat və çıxışları, davranışları ilə müharibə prosesini sürətləndirdi. Praqmatik siyasətçi olmadığı üçün Ermənistanın işğalçı siyasətinin dünyaya bir daha açıq-aşkar bəyan edilməsi, Azərbaycana töhfəsini vermiş oldu. O, çiçəkləndirmək və inkişaf vəd etdiyi erməni xalqına ağır məğlubiyyətlər qazandırmaqdadır. Əli azərbaycanlıların qanına bulaşan öncəki liderlərdən fərqli olaraq, Paşinyanın əli erməni xalqının qanına daha çox bulaşdı. Yeni torpaqlar qazandıracağı vədi ilə erməni xalqının başını aldadan Paşinyan işğal etdiklərini də geri qaytarmağa məcbur olur və olacaq. Bələliklə, o bundan sonra 5-10 il də hakimiyyətdə qalsa, Ermənistanın bir dövlət kimi varlığını risk altında qoyacaq”.