17 Oktyabr 2020 21:40
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyadakı Azərbaycan icmasının nümayəndələri sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və təxribatları, mülki əhaliyə qarşı törədilən müharibə cinayətlərinə etiraz olaraq oktyabrın 17-də Vyana şəhərində hökumət qurumları və ATƏT-in yerləşdiyi Heldenplatz meydanında mitinq keçirib.

Teleqraf.com xəbər verir ki, Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (Azeri-DER) təşkilatçılığı ilə keçirilən aksiyada bu ölkədə yaşayan soydaşlarımız, türk diasporunun təmsilçiləri, mətbuat nümayəndələri iştirak edirlər.

Aksiya Azərbaycanın dövlət himlərinin səsləndirilməsi ilə başlayıb. Sonra erməni silahlı qüvvələrinin son dövrlərdə törətdiyi təxribat zamanı şəhid olan hərbçi və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aksiya iştirakçıları “Ermənistanın işğalına son qoyulsun!“, “Ermənistan BMT qətnamələrini icra etməlidir!“, “Ermənistan, uşaqları öldürmə!“, “Ermənistan, Azərbaycan torpaqlarını tərk et!“, “Ermənistan, mülki əhalini bombalama!“, “ATƏT, məsuliyyətli hərəkət et!“, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirirlər.


Müəllif: Teleqraf.com