Oktyabırın 17-də erməni silahlı qüvvələrinin Gəncəyə atdığı raket nəticəsində evləri dağılan bütün mülki şəxslər yaşayış yeri ilə təmin edilib.
Teleqraf.com-un Gəncə bürosunun məlumatına görə, həmin ailələrdən 30-u Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasına yerləşdirilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk və digər rəsmi şəxslər evsiz qalan sakinlərlə görüşüb.
Əvvəlcə yataqxanada olan sakinlərin yaşayış imkanları ilə tanışlıq olub. Burada bütün otaqlar yaşayış üçün lazımı invetarlarla təmin edilib. Evsiz sakinlərin hər birinə paltar dəstləri paylanıb. Gündə onlara 3 dəfə yemək verilir. İstirahət və idman üçün şərait yaradılıb.
Sakinlərin yaşayış şəraiti ilə tanış olan qonaqlar onlarla şam yeməyi də ediblər.