Jen Psaki Azərbaycanın daxili işlərinə qarışır
ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki bəyanat verərək, Azərbaycan hökumətindən Arif və Leyla Yunusun azadlığa buraxılmasını təkid edib.
Maraqlıdır ki, dövlət departamenti nədənsə, ancaq bu iki şəxslə bağlı bəyanatlar verir. Bəs görəsən, dünyada "hegemon dövlət" statusunu qazanmış ABŞ Qarabağın işğaldan azad edilməsi üçün hansı addımları atıb, qaçqın və məcburi köçkün düşmüş bir milyon insanın haqqını qoruyubmu?
XİN açıqlama yaydı
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi öz mövqeyini açıqlayıb. Belə ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ABŞ-ın davamlı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri tamamilə qəbuledilməzdir. Onun sözlərinə görə, Azərbaycanda qanunun aliliyi və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam təmin olunub: "ABŞ-ın bu kimi əsassız müdaxiləsi qanunun aliliyinin və ABŞ-ın öz üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır. İnsan hüquqlarının xarici siyasət aləti edilərək, siyasi təzyiq göstərmək məqsədilə istifadə olunması cəhdləri artıq çoxdan özünü nüfuzdan salıb. İnsan hüquqlarına siyasi mülahizələr, seçimli və ikili standartlar baxımdan yanaşmaq yolverilməzdir. İnsan hüquqlarının "carçısı" qismində çıxış edən dövlətlərin və konkret bu halda, ABŞ-ın Ermənistanın işğalı nəticəsində ən ibtidai hüquqlardan belə məhrum olmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarına və Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş qanlı etnik təmizləmə hallarına diqqətlə yanaşması daha təqdirəlayiq olardı".
"Azərbaycan ABŞ-ın ştatı deyil"
Məsələyə münasibət bildirən politoloq Ramiz Alıyevin sözlərinə görə, ABŞ Dövlət Departamentinin, digər ölkələrin və beynəlxalq təşkilatların buradakı əlaltıları, kəşfiyyatçıları eşitsin və agah olsun ki, Azərbaycan nə ABŞ-ın bir ştatı, nə də hər hansı bir ölkənin müstəmləkəsidir.
O qeyd edib ki, Azərbaycan müstəqil, demokratik bir dövlətdir: "Hansı ölkə müstəqil bir dövlətə təkidlə "əmr" və tapşırıq verə bilər? Bizim ölkədə qanunun aliliyi istənilən səviyyədə qorunur. ABŞ Dövlət Departamentinin sözçüsü, görünür, qanun və qaydaları yaxşı bilmir, bilsəydi anlayardı ki, Azərbaycan dövlətinə göstəriş verməyə ABŞ-ın heç bir haqqı yoxdur. ABŞ diplomatları hərdən elə hiss edirlər ki, sanki kainatı bunlar idarə edir, qaydaları və qanunları unudurlar. ABŞ və digər dövlətlər insan hüquqlarından belə narahatdırlarsa, onlara bu hüquqlarının pozulduğu yerləri deyə bilərik. Bir neçə ay bundan öncə öz ata-baba torpaqlarını və orada dəfn olunan yaxınlarının məzarlarını ziyarət etmək üçün doğma torpaqlarına getmiş üç azərbaycanlı erməni hərbçiləri tərəfindən girov götürüldü. Onlardan Həsən adlı şəxs öldürülüb, Dilqəm Əsgərovla Şahbaz Quliyev isə hələ də olmazın işgəncələrilə ermənilərin əlində girovluqda qalmaqdadır. Hanı ABŞ və "demokratiya" ölkələrinin təkidi? Onlar ki, heç bir qanunu pozmayıblar. Öz torpaqlarına və yaxınlarının məzarını ziyarət etməyə getmişdilər. Onlar kimi yüzlərlə azərbaycanlı hazırda Ermənistan deyilən terrorçu bir ölkədə əsir və girovluq yaşayırlar. Hanı sizin ədalətiniz?!
Azərbaycanın 20 faiz torpaqları erməni terrorçuları tərəfindən 20 ildən çoxdur işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün həyatı yaşayır. Hanı BMT-in gücü, hanı sizin təkidinizin gücü?"
R.Alıyev əlavə edib ki, ABŞ və digər dövlətlərin, bir sıra beynəlxalq təşkilatların bu gün müdafiə etmək istədiyi adamın kim olduğunu Azərbaycan xalqı və dövləti yaxşı tanıyır: "Azərbaycan vətəndaşları, əcnəbilər, fəaliyyət göstərən təşkilatlar Azərbaycan qanunlarına hörmət etməlidirlər. Qanunla qadağan olunmuş fəaliyyətlə məşğul olmamalıdırlar. Hər kəs sərbəst şəkildə siyasətlə məşğul ola bilər, amma kəşfiyyatçılıq, xarici donorlar və ölkələr qarşısında öhdəliklər götürüb qanunsuz yollara əl atmaq kimi işlər bizim ölkədə olmayacaq. Buna bütün dövlətlər kimi Azərbaycan dövləti imkan verməyəcək".
"ABŞ-ın istəyi Azərbaycanın milli maraqlarına ziddir"
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov bildirib ki, ABŞ nədənsə bütün insan hüquqlarını bir yana qoyub, yalnız iki qeyri-hökumət təşkilatının problemi ilə məşğul olur. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti isə Azərbaycan qanunlarına uyğun olaraq həbs olunan təşkilat rəhbərlərini öz siyasətinin tərkib hissəsinə çevirib: "ABŞ 1 milyondan artıq qaçqın və məcburi köçkünün problemi ilə bağlı bu vaxta qədər heç bir əməli addım atmayıb, Ermənistanı təcavüzkar dövlət kimi tanımayıb. Amerika Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəlişin aradan qaldırılması ilə bağlı heç bir təşəbbüs göstərməyib".
V.Qədirov qeyd edib ki, iki azərbaycanlı - Dilqəm Əsgərov və Şahbaz Quliyev öz dədə-baba torpaqlarını ziyarət etmək üçün getdikləri Kəlbəcər ərazisində Ermənistan tərəfindən girov götürülüb. Onun sözlərinə görə, girovluqda olan bu iki şəxsə ermənilər tərəfindən ən ağır işgəncələr verilir: "Çox təəssüflər olsun ki, ABŞ Dövlət Departamenti və hökuməti ATƏT-in Minsk qrupuna sədrlik edən bir dövlət kimi bu məsələyə münasibət bildirməyib. Amma Arif və Leyla Yunuslar bunlar üçün nə qədər əzizdirlər ki, Amerika Azərbaycanın məhz bunlardan dolayı qanunlarının üzərindən bir xətt çəkib onların azadlığa buraxılmasını istəyir. ABŞ-ın bu istəyi Azərbaycanın milli maraqlarına ziddir. Biz bu gün məgər Amerikanın daxili işinə qarışırıq? Yaxın günlərdə Amerikada küçənin ortasında insanı güllələdilər və biz bununla bağlı bəyanat verdikmi? Əlbəttə, yox. Bu cinayət hadisəsi Amerika qanunvericiliyinə uyğun qiymətləndiriləcək və bunu onların daxili işi hesab edirik. Bununla yanaşı, biz arzu və tələb edirik ki, Azərbaycan qanunvericiliyinə də ABŞ və digər dövlətlər hörmətlə yanaşsın və ölkəmizin daxili işlərinə qarışmasınlar. Əgər insan hüquqlarından, beynəlxalq hüquqdan danışırlarsa, Azərbaycanın 20 faiz torpağı işğal altındadır, BMT-nin bununla bağlı 4 qətnaməsi var və indiyədək yerinə yetirilməyib. O cümlədən 1 milyondan artıq insan qaçqın və köçkün şəraitindədir, bizim Dilqəm, Şahbaz kimi nə qədər əsir və girovlarımız var".
BƏXTİYAR