9 Noyabr 2020 18:28
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin Azərbaycan-Kanada Parlamentlərarası dostluq qrupunun rəhbəri Tural Gəncəliyev erməni icmasına müraciət edib.

Teleqraf.com xəbər veri ki, müraciətdə deyilir:

"Hörmətli erməni əsilli Azərbaycan vətəndaşları!

Bilirəm ki, mənim sizlərə etdiyim müraciətləri çox diqqətlə izləyirsiniz. Bu məni sevindirir. Sonuncu müraciətimi böyük sayda erməni vətəndaşlarımız izlədi və sizlərdən çoxlu sayda ruhlandırıcı mesajlar, müraciətlər almışam. Çox şadam ki, erməni sakinlərimiz arasında çox sayda sülh, birgə yaşayış tərəfdarı olan şəxslər var. Mənə göstərdiyiniz bu diqqətə görə sizlərə təşəkkür edirəm!

Mənə etdiyiniz müraciətlərdən aydın olur ki, tezliklə sülhün bərqərar olmasını gözləyirsiniz. Sizlər kimi, Azərbaycan Respublikasının bütün vətəndaşları ərazi bütövlüyümüzün bərpasını və həm erməni, həm də azərbaycanlıların birgə sülh şəraitində yaşamağa başlamasını gözləyirlər.

Köhnə günlər çox yaxşı xatirimdədir. Şuşada və Xankəndində küçələrdə erməni və azərbaycanlıların bir-birinə qarışan gülüş səslərini unutmamışıq. Ağacların altında, çayxanalarda nərd oynayan qocaları unutmamışıq. Parklarda, kafe və restoranlarda təmiz dağ havasında zövq alaraq gəzişən insanları unutmamışıq. İdman yarışlarında həm erməni, həm azərbaycanlı idmançıların birgə iştirakını unutmamışıq. Bir birimizin sevincinə və kədərinə şərik olduğumuz günləri də unutmamışıq.

Bilirəm ki, sizlər də unutmamısınız. Biz yenidən mehriban qonşular kimi yaşayacağıq. Erməni və azərbaycanlı uşaqlar yenidən birlikdə baxçaya, məktəbə gedəcəklər. Uşaqlar qarışıq komandalara bölünüb, məhəllələrdə futbol oynayacaqlar.

Həmin günləri yenidən bərpa etmək üçün bizim yeganə yolumuz Azərbaycan Respublikasının qanunları çərçivəsində birgə yaşamağımızdır. Bir daha sizlərdən xahiş edirəm ki, döyüşlərin getdiyi bölgələrdən uzaq durun! Hər bir insan həyatı bizim üçün dəyərlidir. Sizin gələcəyinizin, təhlükəsizliyinizin təminatçısı olan Azərbaycan əsgərinə silah qaldırmayın. Azərbaycan əsgərləri humanistdir. Sadəcə onlara güvənin. Onlar sizə toxunmayacaqlar. Azərbaycan Silahlı Qüvvələri mülki insanlara lazımi humanitar, tibbi dəstəyi göstərməyə hazırdır. Orduda xidmət edən övladlarınız varsa, onları geri çəkin.

Çalışaq ki, bu münaqişə tez bir zamanda, minimum itkilərlə başa çatsın və sülh bərqərar olsun. Elə olduqda, biz – Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri tez bir zamanda keçmişdə olduğu kimi, sülh şəraitində birgəyaşayışa nail olacağıq. Sizi əmin edirəm ki, Şuşadakı Qazançı kilsəsi və digər mədəniyyət abidələri bərpa ediləcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyd edildiyi kimi, bizim erməni xalqı ilə heç bir işimiz yoxdur. Bu müharibə sizin də əziyyət çəkdiyiniz Ermənistanın korrupsioner hərbi-siyasi rəhbərliyinə və qondarma kriminal xunta rejiminə qarşı aparılır!.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər