Co Bayden təcrübəli siyasətçidir, 40 ildir Amerika siyasətinin içərisində olan şəxsdir və bir müddət Amerika prezidentinin köməkçisi olub. Bayden şübhəsiz beynəlxalq münasibətlərə təsir göstərəcək. O, senator olduğu vaxt qondarma "erməni soyqırımı"nın tanınması layihəsinə dəstək verib. Buna baxmayaraq, hesab edirəm ki, Azərbaycan və Türkiyə Baydenin xarici siyasət cizgisində önəmli ölkələr olacaq.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hərbi jurnalist İrfan Sapmaz deyib.
İrfan Sapmazın fikrincə, təcrübə göstərir ki, seçkiqabağı təşviqat zamanı verilən vədlərlə prezidentlik postunu tutandan sonrakı fəaliyyət tamam başqa olur: "O, ermənipərəst mövqe də nümayiş etdirə bilər. Gözləyək, görək Bayden prezident kimi hansı yolu seçəcək".
Hazırda ABŞ-da yaşayan jurnalist hesab edir ki, Amerikanın yeni rəhbərliyi bir çox amillərə təsir edəcək: "Respublikaçılar Partiyasının namizədi, hazırki Prezident Donald Tramp əsas əyalətlərdə hiylə olduğunu iddia edir və bununla bağlı məhkəməyə müraciət edəcəyini açıqlayıb. Bayden isə səs çoxluğu toplayıb. Amerikalıların Baydeni seçməsinə gəlincə, burada bir neçə vacib məqam var. Trampın qələbə çalmamasının birinci səbəbi koronavirus pandemiyası ilə əlaqədardır, infeksiyaya yoluxmaların sayı 52 milyona qədər qalxdı. İkincisi, pandemiya dövründə Amerika iqtisadiyyatının böyük zərərə düşməsidir, üçüncüsü isə Corc Floyd olayları, yəni qara və ağ dərililərin münaqişəsinin rolu oldu. Statistikaya baxanda da görə bilərik ki, qaradərililər Co Baydenə səs verib, ağ dərililər isə Trampın yanında yer alıb".
İrfan Sapmaz həmçinin prezidentin yeni köməkçisindən xalqın gözləntilərini açıqlayıb: "Vitse-prezident seçilən Kamala Harris Hindistan əsillidir, Amerikada hüquq üzrə təhsil alıb, bəzi bölgələrdə yüksək vəzifələrdə çalışıb, daha əvvəl də Baydenlə namizədlik məsələsində üz-üzə olub. Kamala Harrisin vitse-prezident seçilməsində ən çox qaradərililər ümidlidilər, çünki onlara yönləndirilmiş siyasətdə prezident köməkçisinin təsirinin olacağını düşünürlər".