Azərbaycanda gedən Vətən müharibəsinin tarixini izləmək və şahidi olmaq üçün Bakıya səfər edən qazaxıstanlı politoloqlar, bloqerlər və jurnalistlər Ermənistan hakimiyyəti tərəfindən Gəncə və Bərdədə törədilən terror aktlarının nəticələri ilə tanış olduqdan sonra Şamaxı şəhərinə səfər ediblər.
Teleqraf.com xəbər verir ki, Şamaxı şəhərində qonaqları İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qarşılayıb.
Görüşdə iştirak edən nümayəndə heyətinin rəhbəri, Beynəlxalq Türk Akademiyası prezidentinin müşaviri Füzuli Məcidli Qazaxıstandan vətənimizə səfər edən qonaqların arzu və məramları haqqında icra başçısına məlumat verib.
İcra başçısı T.Məmmədov öz növbəsində qonaqlara Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhərinin tarixindən, bugünkü inkişafından, bu yurdun dünya ədəbiyyatına bəxş etdiyi şəxsiyyətlərdən, ədəbi mühitindən, eləcə də vətən uğrunda canlarından keçən şəhidlərindən və qazilərindən danışıb.
Daha sonra qonaqlar Qarabağ uğrunda döyüşlərdə Şuşanın azad olunması zamanı qəhrəmanlıqla həlak olan şəhid Nəcəf Şikar oğlu Şikarovun ailəsinə baş çəkib, yas mərasimində iştirak ediblər. Azərbaycanlı oğulların qəhrəmanlıq səlnaməsini kinolentinə köçürən qazaxıstanlı jurnalistlər Nəcəf Şikarovun da ailə üzvlərinin xatirələrini lentə alıblar.
Nümayəndə heyətinin ağsaqqalı jurnalist Serik Meleev şəhidin atası Şikar Şikarova başsağlığı verərək bildirib ki, bütün qazax xalqı azərbaycanlıların öz doğma torpaqları uğrunda mübarizəsində göstərdikləri qəhrəmanlıqları ilə fəxr edirlər, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını sevinc və vüqarla izləyirlər. Azərbaycanın müharibədə qazandığı qələbəni isə öz bayramları kimi qeyd ediblər. Və buna görə də bu gün böyük bir heyət Azərbaycanda səfərdədir.
O bildirib ki, Azərbaycanın uğuru və sevinci həm də qazax xalqının sevincidir.